Bakıda 400 min mənimsədi, Seyşel adalarında anasının adına şirkət yaratdı - Çingiz Mehdiyevin cinayət işi 

İQTİSADİYYAT
22:50 / 12.03.2024
198

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Martın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 
İclas hakim hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. 

Çingiz Mehdiyev Bakı Şəhər Əməliyyat şirkətinin İdman Əməliyyatları şəbəsinin rəisi vəzifəsində 2015-2020-ci illərdə çalışıb. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.

Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırmaqda, həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürməkdə, qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəməkdə təqsirləndirilir. 

İstintaq zamanı o da müəyyən olunub ki, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zona sayılan Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla onun ümumilikdə 397 852 AZN dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. O, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Mediada gedən məlumatlara görə, Çingiz Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Çingiz Mehdiyevin məhkəməsinə gəlincə, o, yalnız 193-1.3.2-ci maddə ilə mühakimə ediləcək. Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Çingiz Mehdiyevin cinayət işi üzrə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti zərərçəkən qismində tanınıb. 

 

0