Məlum olduğu kimi, Azərbaycanın milli aviadaşıyıcısı AZAL və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında yeni razılıq əldə olunub.
Əməkdaşlığa əsasən, vətəndaşlar aviabiletləri taksitlə ala biləcəklər. Yəni ödənişləri 2 və ya 3 aya bölmək mümkün olacaq. Bu, vətəndaşların böyük əksəriyyətini məmnun edib. Çünki bilet alaraq xaricə səyahət etmək bir qədər asanlaşdı.
Lakin buna baxmayaraq, bir sıra turizm agentlikləri sözügedən əməkdaşlığın onların fəaliyyətinə mənfi təsir göstərəcəyini iddia ediblər. Bəzi turizm agentliklərinin nümayəndələri sosial şəbəkələrdə bunun gəlirlərinə mənfi təsir göstəcəyini önə sürüblər.
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, burada hər hansısa problem yoxdur:
"AZAL istənilən bankla belə bir müqavilə imzalaya və vətəndaşlar da biletlərin ödənişini hissə-hissə ödəyə bilər. Onsuz da turizm agentlikləri də hər uçuşda müəyyən hissələri satın alırlar. Yəni bundan sonra da imkanı olan turizm şirkətindən alacaq, imkanı zəif olan üçün isə şərait yaradılacaq".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, turizm agentliklərinin əsas gəlir mənbəyi biletlərin satışı deyil:
"İnsanlar oradan nəyisə alanda paket şəklində satın alırlar. Oraya otel, qonaqlama, transfer və bilet pulu aid olur. Ona görə də bunun turizm şirkətləri üçün problem yaratması mümkün deyil. Əksinə, turizm agentlikləri üçün bir qədər imkan da yarana bilər. Məsələn, insanlar biletin pulunu hissə-hissəyə ödəyəcəyi üçün turizm şirkətlərinin paketlərindən daha çox istifadə edə bilərlər".
Ekspert qeyd edib ki, turizm agentliyi biletlərin satışından pul qazanmalı deyil:
"Onların əsas gəlir mənbəyi bu deyil, digər xidmətlər olmalıdır. Əslində son zamanlarda onlayn satış mümkün olduğu üçün insanlar biletləri turizm agentliklərindən də almırlar.
Ümumiyyətlə, AZAL və Azərbaycan Beynəlxalq Bankı arasında arasında əldə olunan razılaşmada rəqabəti pozacaq ciddi bir hal görmürəm. Bunlar bazar subyektləri arasında ola bilər. Bir-iki şirkət bundan razı qalmaya bilər, amma sektora ciddi təsir göstərəcəyini düşünmürəm".
Pərviz