Azərbaycanda neçə nəfər pensiya alır?

İQTİSADİYYAT
23:59 / 19.03.2024
442

2024-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 47,3 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 128,3 min) nəfər, əlilliyə görə - 47 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 217,7 min (müvafiq olaraq 46,7 min və 209,5 min) nəfər, ailə başçısını itirməyə görə - 57, 2 min (56,1 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min (24,3 min) nəfər olub.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 180 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,9 min ailəsinə 7,4 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3271 nəfər bir yaşınadək uşağı olan 3184 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 25 uşağa görə 23 ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 299 şəxsə isə kompensasiya verilib.

2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 48,1 min ailəyə 50,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,9 min nəfərə birdəfəlik müavinətlər verilib.

2024-cü il yanvarın 1-i vəziyyətinə 64 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 114,3 manat təşkil edib. Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 394,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

0