Kilosu 40 manata satılan göbələk - VİDEO

İQTİSADİYYAT
17:29 / 25.03.2024
457

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb.

HİT.az AZƏRTAC-a istinadən xəbər verir ki, quzuqarnını şimal rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq may ayınadək toplamaq olar.

Quzuqarnı ən dadlı və bahalı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar.

Bu mövsüm isə quzuqarnının qiyməti ötən illərə nisbətən daha da bahalaşıb. Bir kiloqram quzuqarnı alıcılara 35-40 manata təklif olunur.

Şabran rayonun Ağalıq kənd sakini Fərman Məhsimov bildirir ki, quzuqarnının yığılması zövqlü məşğuliyyət olsa da, öz çətinliyi də var: "Adətən mart ayında yağış yağdıqdan sonra günəşli hava müşahidə olunur. Torpaq qızan kimi quzuqarnı böyüməyə başlayır. Bu il isə mart ayı başlayandan bizim bölgədə havalar soyuq keçir. Meşədə bu göbələyi tapmaq olduqca çətinləşib. Buna görə də satışa çox az göbələk çıxara bilirik. Qiymət də ona görə ötən illərə nisbətən bahadır. Satışda iki cür quzuqarnı var. Sarı quzuqarnı 35, qaraları isə 40 manatdır. İki ay ərzində yetişən quzuqarnını mayın əvvəlinədək yığmaq mümkündür. Toplamaq çox çətindir. Kol-kosun içində, adətən qovaq və fındıq ağaclarının dibində yetişir”.

Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı aprel ayında nisbətən ucuzlaşır.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

"Quzuqarnı yazın gəlişini simvolizə edən bir bitkidir. Novruz bayramından sonra bu dadlı göbələyi yeməyin mövsümü başlayır. Digər göbələklərin hamısı istixana şəraitində yetişir və marketlərdə satılır. Quzuqarnı isə meşələrdən əl əməyi ilə, zəhmətlə yığılır. İnanın bu göbələyi toplamaq o qədər çətindir ki, mən özüm yığsam heç 100 manata da satmaram. Onu da qeyd edim ki, quzuqarnı toplamaq həm də çox zövqlü və əyləncəli bir məşğuliyyətdir”,-deyə alıcı İftixar Ələsgərov bildirib.

Quzu əti qədər dadlı quzuqarnını Azərbaycanda istixana şəraitində yetişdirilmir. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.

Quzuqarnı Türkiyədə "kuzugöbegi”, Rusiyada "smarçok” adı ilə tanınır. Bu göbələyin elmi adı isə "Morchella esculenta”dır.

0