İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Zəngilan Rayon Vergilər Şöbəsinin rəisi Quluyev Çingiz DVX-nin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
“Report”un əldə etdiyi məlumata görə, bununla yanaşı DVX-də başqa yeni təyinatlar da olub.
Belə ki, Ələkbər Məmmədov Qarabağ Ərazi Vergilər Baş İdarəsinə rəis təyin edilib. Bu günə qədər Vergi Ödəyicilərinin Qeydiyyatı və Uçotu Baş İdarəsinin rəisi vəzifəsində çalışan Ə. Məmmədov vergilər nazirinin müşaviri və Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidenti olub.
Həmçinin Mirzə Mirzəyev Vergi Ödəyicilərinin Qeydiyyatı və Uçotu Baş İdarəsinə rəis təyin edilib və bu vəzifədə Ələkbər Məmmədovu əvəz edib. O, bu təyinatadək Vergi Auditi Baş İdarəsinin rəis müavini idi.
Qeyd edək ki, ötən ilin dekabrında Dövlət Vergi Xidmətinin strukturunda optimallaşdırmalar aparılıb.
Dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır.
Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi yaradılıb.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının və Böyük Qayıdışın sürətləndirilməsinə töhfə verilməsi, vergi inzibatçılığının ümumi idarəetmə modelinə uyğunlaşdırılması, vergi xidmətlərinə əlçatanlığın təmin edilməsidir.