Rusiyada əcnəbilərlə bağlı yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsinə əsasən, əcnəbilər Rusiyada il ərzində 90 gündən artıq qala bilməyəcək. Daxili İşlər Nazirliyi bu barədə qanun layihəsini Dövlət Dumasına göndərib.
Bəs bundan sonra nələr olacaq? Rusiya nə üçün əcnəbilərə qarşı bu addımı atır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev xatırladıb ki, bir neçə il bundan öncə Rusiya Prezidenti Vladimir Putin post-sovet ölkələrində yaşayan əhaliyə müraciət edərək onları öz ölkəsinə dəvət etmişdi:
"Yəni dövlətin qapısını miqrantlar üçün axıra qədər açmışdı. Hətta onların Rusiya vətəndaşı olması üçün qanunlarda ciddi mənada yumşalmalara gedilmişdi. Təbii ki, Putin bu addımı atarkən müəyyən düşüncələri və planları var idi. Güman ki, ölkədəki demoqrafiya vəziyyətini düzəltmək üçün sözügedən addım atılmışdı.
Həmçinin, əhali sayının artırılması da hədəflənirdi. Üstəlik, dünyanın ən böyük ərazisinə sahib olan ölkəsi Rusiyada işçi problemi də mövcuddur. Böyük ehtimalla, miqrantlarla bağlı addımların atılmasına səbəblərdən biri də bu idi".
Lakin ekspert qeyd edib ki, bu gün dünyada olduğu kimi Rusiyada da vəziyyət dəyişib:
"Düşünürəm ki, bu gün Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətini sərtləşdirmək adı altında qanun layihəsini Dövlət Dumasına təqdim edərkən gələcəkdə Rusiya ərazisində baş verə biləcək hər hansısa bir terror və yaxud da təxribatların qarşısını almaq niyyəti güdür. Xüsusən də "Crocus City Hall"da baş verən terror aktından sonra Rusiya hakimiyyəti miqrantlatla bağlı ciddi mənada düşünməyə başlayıb".
Politoloq hesab edir ki, Kreml Rusiya üçün ən böyük təhlükəni xaricdən deyil, daxildən gözləyir:
"Fikrimcə, ona görə belə qanun layihəsi Dövlət Dumasına təqdim ediblər. Bunun nə dərəcədə effektli olub-olmayacağını isə zaman göstərəcək. Məncə, hələ də Rusiya daxilində terrordan maliyyələşən insanlar var. Ona görə də Rusiya hakimiyyəti belə addımlar atmağa məcbur olur".
Pərviz