Dünya Bankı Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu açıqlayıb

İQTİSADİYYAT
18:02 / 11.04.2024
347

Dünya Bankının proqnozlarına görə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 4 % təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

“Daxili tələbatın mülayim artımı və qlobal ərzaq qiymətlərinin sabitləşməsi nəticəsində orta illik inflyasiyanın aşağı səviyyədə qalacağı, ortamüddətli perspektivdə 2,2 % səviyyəsində olacağı proqnozlaşdırılır”, - hesabatda bildirilir.

2023-cü ildə illik inflyasiya 2,1 %-ə çataraq Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf inflyasiya diapazonunun (4 +/-2 %) aşağı həddinə yaxınlaşıb.

Ötən ilin oktyabr ayından etibarən AMB siyasət dərəcəsini dörd dəfə, ümumilikdə 125 baza bəndi azaldıb və 2024-cü ilin mart ayının sonunda 7,5 %-ə çatdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 101 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-ərzaq malları üzrə 101,4 %, əhaliyə göstərilən pullu xidmətlərə görə isə 102,5 % təşkil edib.

Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya fevraldakı 0,6 % qarşılığında 0,2 % olub, il ərzində isə 0,4 % təşkil edib.

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

0