Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

İQTİSADİYYAT
21:59 / 16.04.2024
375

Son illər Bakıda mənzil almaq xeyli çətinləşib. Xüsusən paytaxtda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev tapmaq, demək olar ki, mümkünsüzdür. Mənzil bazarında özünü göstərən bu mənfi tendensiya xüsusilə gənc ailələr üçün ciddi çətinliklər yaradır.

Nəticə etibarı ilə insanlar yüksək ipoteka şərtləri ilə bahalı mənzillər almağa məcbur olurlar.

Bəs, yeni evlənmiş gəncin ipoteka kreditinə əli çatmırsa, mənzilə necə sahib olmalıdır?

HİT.az "yenisabah.az"a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan mənzillər qiymət baxımından digərləri ilə müqayisədə xeyli sərfəlidir.

Nazirlik tərəfindən Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində satışa çıxarılan mənzillərin qiymətlərini təqdim edirik:

Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən yaşayış kompleksində ümumi sahəsi 83,5 kvadratmetr olan 3 otaqlı tam təmirli mənzil alıcılara 58,450 manata təklif olunur. Suraxanı rayonu, Ramana qəsəbəsində satışa çıxarılan 100 kvadratmetr sahəli 4 otaqlı mənzil isə 85,595 manata satışa çıxarılıb. Abşeron rayonunda təklif olunan 3 otaqlı 69,2 kvadratmetr sahəyə malik tam təmirli mənzilin qiyməti isə 53,976 manatdır.

Qeyd edək ki, bu mənzillər vaxtilə məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra sözügedən binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və satışa çıxarılıb.

Mənzilləri ipoteka krediti ilə də əldə etmək mümkündür.

0