Azərbaycanda daşınmaz əmlak və tikinti sektorunda vətəndaşların aldadılmasına, xüsusən də eyni mənzilin bir neçə şəxsə satılması hallarına rast gəlinir. Bu günlərdə “Kəpəz-M” MTK-nın Xırdalan şəhərində inşa etdiyi binadan mənzil alan vətəndaş da eyni halla üzləşib. Vətəndaşın binadan aldığı üç mənzilin hamısının başqa adamlara da satıldığı məlum olub. MTK isə mənzillərin heç birinin vətəndaşlara rəsmi formada satılmadığını, əvvəllər burada menecer, sonra isə mühafizəçi işləmiş keçmiş əməkdaşı tərəfindən insanların aldadıldığını və həmin şəxsin artıq həbs olunduğunu açıqlayıb. Təəssüf ki, bu kimi hadisələr digər MTK-larda da rast gəlinir. Belə hallarla qarşılaşan vətəndaşlar da ən yaxşı halda məhkəməyə üz tutaraq müxtəlif tikinti şirkətləri tərəfindən fırıldağa məruz qaldığını və ona dəymiş zərərin ödənilməsini tələb edirlər. Beləliklə, vətəndaşların mənzil-tikinti kooperativlərinə qarşı inamı sarsılır. Onlar yeni mənzil alarkən daha çox bazar araşdırmasına üz tuturlar. Lakin heç də hər kəs bu araşdırmanı necə edəcəyini və ona qaranlıq qalan məqamları necə aydınlaşdıracağını bilmir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vətəndaşların mənzil alarkən aldadılmasına, eyni mənzilin bir neçə nəfərə satılmasına yol açan müxtəlif səbəblər var.
Onun sözlərinə görə, əsas səbəblərdən biri vətəndaşların hər hansısa bir dövlət qurumu ilə bağlı məlumat əldə etmə şansının, demək olar ki, yox dərəcəsində olmasıdır. Ekspert bildirib ki, vətəndaş istədiyi halda aidiyyatı qurumlara alacağı mənzilin sahibi, bina ilə bağlı daha ətraflı məlumat əldə etməsi üçün sorğu göndərə bilər:
"Məsələn, bu bina ilə bağlı məhkəmə hallarının, şikayətlərin olub-olmadığını öyrənə və bu məsələlərlə bağlı məlumat ala bilər. Yaxşı olar ki, bu cür MTK-lardan, ümumiyyətlə müqaviləli binalardan mənzil alan şəxslər alqı-satqı prosedurunda birinci dəfə iştirak edirlərsə, onlar hər hansısa bir hüquqşünasa, vəkilə müraciət etməlidirlər. Sənədləşmələrin yoxlanılması və lazımi sualların tikinti şirkətinin rəhbərinə verilməsi prosedurunu hüquqşünaslar, vəkillər daha yaxşı bilirlər. Vəkilin tikinti şirkətindən bina ilə bağlı tam rəsmi məlumatları əldə etməsinə səlahiyyəti çatır. Bəzən vətəndaşlar bu sənədlərin nə olduğunu bilmirlər və yaxud tələb edə bilmirlər. Buna görə də vətəndaşlar maksimum özləri bazar araşdırması aparmalı, yəni həmin şirkətin adını istənilən internet resurslarında axtarmalı və maksimum məlumat əldə etməyə çalışmalıdır. Həmçinin ətrafdakı alqı-satqı ofislərindən də bina ilə bağlı maraqlana bilərlər. Təəssüflər olsun ki, hər hansısa bir bina ilə bağlı tam məlumat əldə etmək üçün başqa bir metod yoxdur".
30 ilə yaxın müddət ərzində 2 mindən artıq binanın inşa olunaraq vətəndaşlara təhvil verildiyini söyləyən ekspert deyib ki, hazırda paytaxt və rayonlarda bu istiqamətdə tikinti işləri davam edir: "Mənzil -Tikinti Kooperativləri (MTK) və yaxud da MMC-lərdə alqı-satqı müqaviləsi həyata keçirilir. MTK-dan mənzil alarkən vətəndaşa alqı-satqı müqaviləsi verilir və pul tam ödənilibsə, maliyyə arayışı verilir. Bəzən mənzil alqı-satqı işlərində aldadılma hallarına da rast gəlinir. Hətta tikinti şirkətləri tərəfindən 5 mindən çox zərərçəkmiş adamlar var ki, onların böyük bir hissəsinə artıq dəymiş zərər qaytarılıb, onlar ev və yaxud da pulla təmin olunublar".
E.Fərzəliyev vurğulayıb ki, bu günə qədər hər hansısa bir binadan mənzillərin müqavilə ilə satışı heç bir elektron platforma olmadan həyata keçirilir. O bildirib ki, hətta tikinti şirkətlərinin binaları tikib onların satışını hansısa elektron qaydada aparması ilə bağlı xəbərlər yayılmışdı. Belə olan halda vətəndaşların mənzil alqı-satqısı zamanı aldadılma hallarının qarşısı da alınmış olacaqdı. Lakin bu məsələ hələ də öz həllini tapmayıb:
"Təbii ki, heç bir şirkət onun adına xələl gəlməsini, rəhbərinin həbs olunmasını və bu kimi digər problemlər yaşamasını istəməz. Amma barmaqla sayılacaq şirkətlər olub ki, onlar zamanında vətəndaşları aldadıblar və onlarda fobiya, qorxu yaradıblar. Ona görə əksər insanlar çalışırlar ki, bina tikintisi tam bitsin, binaya çıxarış verilsin, daha sonra çıxarışlı mənzillər alsınlar. Təbii ki, çıxarışlı mənzillə çıxarışsız mənzil arasında böyük qiymət fərqi var. Çünki bina ilkin təməldən satılanda daha ucuz satılır. Tikili başa çatdıqdan sonra çıxarışla satışa çıxarıldıqda isə qiymətində təxminən ortalama 50%-dək artımlar baş verir".
Bundan əlavə, ekspert deyib ki, tikinti şirkətlərindən mənzil alan şəxslər artıq tikintinin keyfiyyətindən daha çox o binanı inşa edən şəxsin şəxsi keyfiyyətlərinə üstünlük verirlər və bir neçə suala cavab tapmağa çalışırlar: "Məsələn, bu adamlar əvvəllər harada bina inşa ediblər və problemlər olubmu? İnşa etdirdikləri binalara çıxarışlar veribmi? Həmin binalarda mənzillər eyni anda bir neçə adama satılıbmı? Vətəndaşlar bu cür suallara cavab axtarıb daha sonra həmin mənzilləri əldə edirlər. Düşünürəm ki, bu problemlər zamanında aradan qaldırılmalı idi. 30 il ərzində bu qədər binalar tikilsə də, amma problem aktual olaraq qalır. Yəni istənilən halda mövcud vəziyyətdə hər hansısa bir şirkət rəhbəri fırıldaqçılığa meylli olarsa, o yenə də vətəndaşları aldada bilər. Çünki möhür, imza səlahiyyəti MTK rəhbərlərinin öz səlahiyyətlərindədir. MTK-nın rəhbərindən başqa heç kim binada bir mənzilin eyni anda neçə nəfərə satılıb-satılmadığını bilmir".
E.Fərzəliyevin sözlərinə görə, burada günahkar təkcə MTK rəhbərləri deyil, həmçinin onlara bu şansı yaradan müəyyən qurumlardır: "Yəni bir bina inşa olunan zaman aidiyyatı üzrə bütün dövlət qurumlarından təsdiq olunmuş sənədlər toplusu yığılır. Daha sonra tikintiyə icazə verilir. Yəni bir şirkət bu qədər sənəd toplayırsa, təbii ki, onun satışına da nəzarət olunmalıdır. Amma satış səlahiyyəti tikinti şirkətinin səlahiyyətində olmamalıdır. Satışa şirkətlərin özləri məsul olduğuna görə vətəndaşların aldadılması hallarına rast gəlinir. Dünya praktikasına nəzər yetirsək, hər ölkədə insanlar bina inşa edən şirkətlər barədə məlumatları müxtəlif mənbələrdən əldə edirlər. Bəzilərində vətəndaş bələdiyyədən məlumat ala bilir. Rusiyada isə tikinti şirkətlərinin böyük qismi banklarla müştərək bina inşa etdikləri üçün mənzillərin alqı-satıqı proseduruna bank nəzarət edir".
Azərbaycanın iqtisadiyyatına çox böyük bir töhfəni qeyri-neft, xüsusən də daşınmaz əmlak və tikinti sektorunun verdiyini deyən əmlakçı bildirib ki, yeni binaların tikilməsi xarici ölkələrdən Azərbaycana pul cəlb etməsi ilə yanaşı, cəlb olunmuş vəsaitin ölkədə qalmasına şərait yaradır: "Məsələn, 16 mərtəbəli, 2 bloklu bina tikilib tam təmirli və əşyalı vəziyyətə gətirildikdən sonra ümumi qiymətləndirmə apardıqda onun ortalama 40-50 milyon dəyəri oluduğunu görürük. Həmin pul, təbii ki, iqtisadiyyatda dövr edir. Bu baxımdan artıq Bakının baş planı təsdiq olunub. Yenidən bir çox binalar söküləcək, yeniləri tikiləcək. Alıcı qüvvəsinin cəlb olunması və insanlarda bu sahəyə əminliyin artırılması üçün mütləq şəkildə bu sahənin inkişafı lazımdır. İnkişafın da yeganə yolu alqı-satqıların rəsmi qurumlar tərəfindən aparılmasıdır".