Azərbaycanda fəaliyyət göstərən banklar birinci rüb üçün maliyyə hesabatlarını açıqlayıb. Bankların əksəriyyəti xalis mənfəttələ fəaliyyət göstərib.
Ən iri mənfəəti Azərbaycan Beynəlxalq Bankı (80.6 milyon manat), Kapital Bank (71.4 milyon manat) və PAŞA Bank (51.1 milyon manat) əldə edib.
Maliyyə hesabatlarını açıqlayan banklardan bəziləri zərərlə işlədiyini elan edib. Mətbuatda zərərlə işləyən bankların bağlanacağı barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir. Ötən il Günay Bank və Muğan Bank fəaliyyətini dayandırıb. Bəzi ekspertlər daha bir neçə bankın bağlana biləcəyini düşünür.
Bəs xalis zərərlə işləyən bankların bağlanma ehtimalı varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, bank sektoru üçün ciddi təhdidlər yoxdur:
"Azərbaycanda müəyyən bankların xalis zərərlə işləməsinə dair statistika bank sektoru üçün ciddi təhdidlərin olduğunu göstərir demək doğru olmaz. Ona görə ki, bir çox, xüsusilə də sistem əhəmiyyətli banklar kifayət qədər mənfəətlə fəaliyyət göstərirlər. Xalis zərərlə işləyən bankların bağlanma ehtimalı ilə bağlı məsələsinə gəldikdə, ümumiyyətlə, mən 2024-cü ildə hər hansı bankın bağlanma ehtimalının olmadığını düşünürəm. Bank sektorundakı hazırkı vəziyyət bunu deməyə imkan verir. Eyni zamanda Mərkəzi Bankın hədəfləri içərisində bankaların bağlanması gözə çarpmır. Riskli, yaxud zərərlə fəaliyyət göstərən bankların belə bağlanma ehtimalının çox aşağı olduğunu söyləyə bilərik. Mərkəzi Bankın 2024-2026-cı ilə olan strategiyasında, eyni zamanda sərgilədiyi müəyyən davranışlar hazırki dönəmdə bankların bağlanmasına dair silsilə addımların bir müddətlik bitdiyini deməyə əsas verir".
Ekspert qeyd edib ki, bankların bağlanması üçün hər hansı bir dövr ərzində zərərlə işləməsi kifayət deyil.
"Bankın bağlanması üçün əsas və tutarlı faktor olaraq yalnız zərərlə işləməsini əsas qəbul etmək olmaz. Bunun davamlı olması, bankın bağlanması üçün digər mənfi tendensiyalar da müşahidə edilməlidir",- Eldəniz Əmirov əlavə edib.
İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, bankların maliyyə dayınıqlığı onun gələcək fəaliyyəti üçün əsas kriteriyadır:
"Mərkəzi Bank banklarla bağlı strategiyasını elan edərkən mənfəət və zərər məsələlərinin lisenziyalaşdırmada əsas məqam olacağını söylədi. Təbii ki, bu, Mərkəzi Bankın qərarıdır. Məntiqlə, öz parametrlərinə görə zərərlə işləyən banklara müəyyən zaman tanıyırlar. Əgər banklara 3-6 ay vaxt veriləcəksə və banklar bu dövr ərzində kapitallaşma səviyyəsini artırıb, zərərdən çıxa bilməsə, təbii ki, onların lisenziyalarının geri çağırılması məsələsi müzakirə oluna bilər. Bundan əvvəl də belə hallar yaşanıb. Mərkəzi Bankın bu tipli banklara qarşı mövqeyi daha sərt olub. Bu da bank sektorunun sağlamlaşıdırılması konsepsiyası çərçivəsində atılan addım kimi təqdim edilir".