Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır?

İQTİSADİYYAT
23:05 / 29.04.2024
440

Son illər Azərbaycanda meyvə qıtlığı yaşanır. Ağaclar əvvəlki kimi bar vermədiyindən məhsuldarlıqda azalma müşahidə olunur. Bu isə qiymətlərdə də özünü göstərir. Fermerlər buna səbəb kimi əlverişsiz hava şəraitinin keçdiyini, bağların lazımı qədər suvarılmadığını, ümumilikdə isə qlobal iqlim dəyişikliyinin təsirlərinin olduğunu söyləyirlər. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, son illər iqlim dəyişiklikləri, dünyada baş verən təbii fəlakətlər iqtisadiyyatın müəyyən qaydada çökməsinə səbəb olur.

Onun sözlərinə görə, bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Deputat bildirib ki, təbiət hadisələri əksər hallarda insanların özlərinin iradəsindən asılı olmayaraq təsərrüfatlara, xüsusilə də kənd təsərrüfatına çox böyük ziyan vururlar:

“Özüm də rayonlardan xəbər tuturam, bölgələrdə oluruq. Bu il də, demək olar ki, meyvədə tozlanma yaxşı getməyib. Keçən il yaxşı ərik, gilas var idi, alça isə xüsusilə bol idi. Amma indi rayona gedəndə ağaclarda bu məhsulların, demək olar ki, olmadığını görürəm. Sözsüz ki, kənd təsərrüfatı məhsullarının qıtlığı, dəymiş ziyan bazarda məhsulların bahalaşmasına səbəb olur. Lakin məsələ ilə əlaqədar alternativ yollar axtarılıb tapılmalı və bu yollardan istifadə olunmalıdır”.

Son zamanlar xüsusi parniklərdə müxtəlif meyvələrin – alça, armud və digərlərinin yetişdirildiyini söyləyən deputat bildirib ki, belə parniklər artıq Azərbaycana da gətirilib: “Bu metodlar xarici ölkələrin təcrübələrində daha çoxdur. Onlar istər qış, istərsə də yay aylarında istənilən meyvədən istifadə edə bilirlər. Düzdür, müəyyən qaydada onların genində dəyişikliklər olur, təbii meyvələrin dadını vermir. Ancaq bu, qida ehtiyacını ödəməkdən ötrü vacibdir. Bizdə də əvvəllər xiyar, pomidor, göy-göyərtinin istixanaları yox idi. Amma indi ölkəmizdə onlar kifayət qədərdir. Burada nəzərə alınmalı əsas amil yetişdirilən məhsulun tərkibinin yaxşı olmasıdır. Yəni məhsula verilən gübrə və herbisidlərdən düzgün istifadə olunmalıdır ki, insanların səhhətinə gələcəkdə ziyan vurmasın”.

T.Rzayev qiymət məsələsində idxal və ixrac prosesinin rolundan da danışıb. O söyləyib ki, sahibkarlar əlavə gəlir əldə etməsi üçün məhsulunu xarici bazarlara çıxarmağa çalışır və belə olan təqdirdə onlara məhsulunu ancaq Azərbaycanda satmasını tələb etmək düzgün deyil:

“Sahibkar daha yaxşı pul qazanmağı və əlavə gəlir əldə etməyi düşünür. O buna görə də məhsulunu xarici ölkələrə çıxarmağa çalışır. Biz bu gün sahibkara deyə bilmərik ki, məhsulunu Rusiya və yaxud digər ölkələrə aparma, ancaq Azərbaycanda sat. Çünki bu, onun hüququdur. Kənardan ölkəyə məhsul idxal edənlərə də şərt qoya bilmərik ki, bu məhsulu gətirmə. Ancaq istənilən halda məhsulun bazarda satışa çıxarılanda alınması, eləcə də xaricə ixrac olunanda sərfəli qiymətə satılması üçün onun keyfiyyəti yüksək olmalıdır”.

“İkinci bir məsələ xaricdən ölkəmizə idxal edilən məhsulun keyfiyyətinin yüksək olmasıdır. Bəziləri xaricdən gətirilən meyvə-tərəvəz, ərzaq məhsullarının geninin dəyişdirildiyini, keyfiyyətinin çox aşağı olduğundan insan üçün təhlükəli və zəhərlənmələrə səbəb olduğunu deyir. Ancaq bu belə deyil. Bu, yersiz mülahizələrdir. Bütün məhsulların tərkibində müəyyən əlavələr, qatışıqlar olur. Burada əsas məsələ həmin əlavələrin miqdarının norma çərçivəsində olmasıdır. Həmçinin bütün sərhəd-keçid məntəqələrimizdə laboratoriyalar var. Laboratoriyalarda bunların hamısı yoxlanıldıqdan sonra ölkə ərazisinə gətirilir. Eləcə də xaricə çıxan məhsullarımız xarici ölkələrin sərhəd-keçid məntəqələrində yoxlanılır”, - T.Rzayev əlavə edib.

0