Hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsa da yüksək deyil, cari vəziyyətə uyğundur. Mənzil bazarında yüksək qiymət artımı ilə bağlı bəzən yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, yüksək qiymət artımı ilin əvvəlində qeydə alınmışdı.
“2024-cü ilin yanvar ayında ipoteka kreditlərinin verilməsindən sonra bazara kütləvi sürətdə alıcı cəlb olundu. Alıcıların cəlb olunması təbii ki, qiymətlərə də təsir elədi. Bu qiymət artımı yalnız ipoteka predmentinə çevrilə bilən əmlaklara şamil olundu. Bu hal fevral-mart aylarında baş verdi və ondan sonra qiymətlər sabitləşdi. Ancaq hazırda bazarda vəziyyət sabitdir. Doğrudur, qiymət artan xətt üzrə gedir, lakin az formada artır”, - deyə ekspert bildirib.
E.Fərzəliyev vurğulayıb ki, hazırda artım sadəcə həyət evlərində müşahidə olunur.
“Həyət evlərinə tələb olduğu üçün qiymət artımına gətirib çıxarır. Bu da mövüsmi xarakter daşıyır və hər il bu hal müşahidə olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət artımı da olacaq”, - deyə qeyd edib.
Ekspert deyib ki, növbəti il ipoteka kreditləri verilən zaman yenə qiymət artımının olacağı ehtimal edilir.
“Bu hal hər il müşahidə olunur, ipoteka kreditləri verilən zaman bazarda aktivlik artır və bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”, - deyə o əlavə edib.