Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

23:54 / 16.05.2024
378

“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır”.

Bu barədə Oxu.Az-a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazov şikayət ünvanlayıb.

O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında yaşadıqları evdən çıxarmaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib:

“Sözügedən məhkəmədə keçirilən ilk iclas zamanı bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda və hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb”.

“İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyə verib. Bir ay keçməsinə baxmayaraq, şirkət təmsilçiləri heç bir addım atmırlar”, - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı “Pilot-16” MMC-yə sorğu ünvanladıq.
Şirkətin hüquqşünası Nicat Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, müvafiq qanunvericiliyə əsasən, Nəsimi rayonu Novruzov Qardaşları, C.Məmmədquluzadə, S.Rəhman, M.Əlizadə və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi yararsız olan ərazilərin, şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 hektar torpaq sahəsinin icarə əsasında “Pilot 16” MMC-nin istifadəsinə verilməsi qərara alınıb.

“Bu günədək 300 ailədən 230-u ilə əvəzləşmə müqaviləsi bağlanıb və ya alqı-satqı olunub, 2021-ci ildən hal-hazıradək cəmi 42 iddia ərizəsi verilib ki, onlardan da onu hazırda icraatdadır, 24-ü üzrə isə barışıq əldə olunub.

Vətəndaş Samir Şahbazovun şikayətinə və məhkəməyə verilməsinə gəlincə isə qeyd etmək istəyirik ki, dəfələrlə şirkət rəhbərliyi ilə onlar arasında danışıqlar olmasına baxmayaraq, həmin sakin şirkətdən bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edib. Məhz bu səbəbdən məcbur olub, məhkəməyə müraciət etmişik”, - deyə hüquqşünas bildirib.

N.Əliyev onu da diqqətə çatdırıb ki, həm Şahbazovlara, həm də onlarla bir həyətdə yaşayan dayısı Həmdulla Şahvələdova 30 faiz hesablamaqla, hər ikisinə tikiləcək yeni binadan 130 kvadratmetr sahəsi olan təmirli mənzil, 500 manat kirayə pulu və 29 400 manatı da kompensasiya şəklində verməyə hazırdırlar.

0