Qızılın qiyməti nə üçün durmadan bahalaşır? - SƏBƏBLƏR

İQTİSADİYYAT
10:35 / 21.05.2024
502

"Qızılın qiyməti son aylarda dünya bazarında rekord həddə çatıb". 

Bu sözləri iqtisadçı ekspert Elmir Səfərli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun bir çox səbəbi var:
"Səbəblərdən biri ölkələrin Mərkəzi Bank sistemlərinin uçot faiz dərəcələrini aşağı endirməsidir. Mərkəzi Bankları uçot faiz dərəcəsini aşağı salmaqla baş verən inflyasiyanı, eləcə də işsizliyi aradan qaldırmaq məqsədi güdürlər".

Ekspert diqqətə çatdırıb ki, uçot faiz dərəcəsinin enməsinin bir çox sadə faktorları var:
"Bu zaman investorlar şirkətlərin səhmlərini almaqdan daha çox, qızıla yatırım etməyi üstün tuturlar. Qızıla yatırım etdikcə isə qızıla olan tələbat artır. Bu da avtomatik olaraq qiymətləri qaldırır". 

Elmir Səfərli qeyd edib ki, qızılın istehsal xərclərinin artması da qiymət artımına təsir göstərir:
"Yəni qızılın istehsal maya dəyərinin qiymətinin də dəyişməsi önəmlidir. Çünki qlobal bazarlarda ciddi inflyasiya hökm sürməkdədir. Təbii ki, bu inflyasiya qızılın istehsal qiymətinin artmasına da təsir edib. Qızılın istehsal qiyməti artırsa, avtomatik olaraq birjada satış qiyməti də bahalaşır. 

Bu baxımdan, dünyada qızılın istehsal xərci artdığı üçün qiyməti də artır. Qızıl istehsal etməyən ölkələrə onun xaricdən gətirilməsində nəqliyyat və gömrük xərcləri kimi faktorlar əlavə olunduğu üçün satış qiymətləri də daha yüksək həddə formalaşmış olur".

Pərviz

0