"Bakıda tıxaxın həll yolları müxtəlif ictimai nəqliyyat növlərinin inkişafından keçir".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun üçün ciddi investisiya olmalıdır:
"Çünki bu bütün şəhərin hərəkətliliyinə xidmət edir. Burada yerüstü nəqliyyata üstünlük vermək lazımdır. İnsanlara bir yerdən başqa yerə getmək üçün alternativ təklif olunmalıdır. Ümumiyyətlə, avtobus, tramvay, velosiped və skuter üçün ayrı yollar salınmalıdır. Həmçinin, şəhərətrafı elektrik qatarı və metronun da genişləndirilməsi, vaqonların artırılması vacib olan elementlərdir".
Ekspertin sözlərinə görə, elə etmək lazımdır ki, insanlar öz səfərlərini şəxsi avtomobilləri ilə deyil, müxtəlif ictimai nəqliyyat vasitələri ilə həyata keçirsinlər:
"Bu istiqamətdə mərhələli şəkildə addımlar atılsa, effekt verəcək. Amma bunun üçün ciddi investisiya lazımdır. Bu da üç növ ola bilər. Dövlət, dövlət özəl tərəfdaşlıq modeli və sahibkar tərəfindən yatırılan investisiyanı bura aid etmək olar. Dayanıqlı biznes modeli və subsidiyalar olmalıdır. Çünki ictimai nəqliyyat gəlirli sahə deyil".
Həmsöhbətimiz qeyd edib ki, hazırda paytaxtımızda avtobus zolağı şəbəkələşməyib:
"Üstəlik, həmin zolaqların zəbt olunduğunu görürük. Bu isə ya həmin zolağın effektivliyini aşağı salır, ya da ümumiyyətlə effektivsiz edir. Amma avtobus zolaqlarının üstünlüyü təmin olunduqda intervala təsir edəcək. Məsələn, metroda qatarların qrafikinə əsasən daha intensiv hərəkət var. Çünki başqa bir nəqliyyat maneəçilik törətmir".
Mütəxəssis vurğulayıb ki, sərnişin daşımaq üçün çeşid nə qədər çox olarsa, onda tam fərqli şəhərə də sahib olarıq:
"İndiki vəziyyətdə səfərlərin böyük əksəriyyəti şəxsi nəqliyyatla təşkil olunur. Şəxşi nəqliyyat isə şəhərin ən bahalı resursunun qeyri-səmərəli istifadəsi ilə nəticələnir. Səkilər, piyada, avtobus və velosiped zolaqları zəbt olunur. Bu da digər hərəkət növlərində hərəkəti iflic edir. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır".
Rauf Ağamirzəyev onu da diqqətə çatdırıb ki, hazırda Bakı şəhərində rəqəmsal əkiz var:
"Hər hansısa işi görmədən öncə onu simulyasiya proqramları ilə bilmək olur. Yəni hansı seçimi edərək daha sürətli hərəkəti təmin etmiş olmağı bilə bilirik. Bu alət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) da var. Onun vasitəsilə tıxacın həlli yollarını tapmaq olar.
Ümumiyyətlə, tıxacın həlli yolu sadəcə infrastruktur, yol tikməklə deyil. Həmin yolda daha çox sərnişinin, yoxsa daha çox avtomobilin hərəkətini təmin etməyi düşünməkdir. Əgər daha çox avtomobil hədəfi qoyulsa, bu, tıxacın daha da artmasına gətirib çıxaracaq. Bu isə effektiv yol deyil. Effektiv yol ictimai nəqliyyatın müxtəlif növlərinin hərəkət üstünlüyünü təmin etməkdir".
Pərviz