Sosial şəbəkələrdə bir çox səhifələrdə reklamlar yayımlanır.
Onlar, bu reklamlar üçün ödəniş alırlar. Hətta bəzən 1 reklamın qiyməti kifayət qədər yüksək də ola bilir. Lakin həmin ödənişlə bağlı hər hansısa qəbz təqdim olunmur. Üstəlik, sözügedən səhifələrdə gün ərzində çox sayda reklam paylaşımları edilir.
Belə olan halda, suallar yaranır: Sosial şəbəkələrdən əldə olunan reklam və digər gəlirlərlə görə vergi tutula bilər? Bununla bağlı qanun layihəsi hazırlanmalıdır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bunun üçün hər hansısa qanun layihəsinə ehtiyac yoxdur:
"Çünki mövcud Vergi Məcəlləsi bütün bu məsələləri əhatə edir. Sosial şəbəkələrdən əldə olunan reklam və digər gəlirlərə görə gəlir vergisi vermək məcburidir. Hətta gəlir vergisi verməməyə görə Vergi Məcəlləsinə uyğun olaraq sanksiyalara məruz qala bilərlər. Gizlədilmiş məbləğin 50 faizi qədər cərimə tətbiq oluna, hətta əhəmiyyətli rəqəmlər olanda Cinayət Məcəlləsinə qədər gedə bilər. Yəni sosial şəbəkələrlə bağlı gəlir vergisi birmənalı olaraq var və verilməlidir".
Mütəxəssis qeyd edib ki, burada qeydiyyat forması da çox önəmlidir:
"Fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərməsinə uyğun olaraq fərqli vergi rejimi formalaşır. Fiziki şəxs kimi tək fəaliyyət göstərirsə, 20 faiz vergi verməlidir. Amma 3 və ya daha çox işçisi olan mikro sahibkar 5 faiz vergi verməlidir. Mikro sahibkar deyil, kiçik müəssisədirsə də 20 faiz vergi vermək öhdəliyi var.
Həmçinin, gizlətdikləri məbləğin üstü açılanda da onun 50 faizini cərimə kimi ödəməlidirlər. Qısacası, bu, işçi sayından, dövriyyədən, hüquqi və fiziki şəxs olmasından asılı olaraq fərqli vergi öhdəlikləri formalaşdırır".
Pərviz