Ölkəmizdə otel qiymətləri nə üçün bahadır? - Ekspert 2 SƏBƏB GÖSTƏRDİ

İQTİSADİYYAT
15:50 / 07.06.2024
401

"Regionlarımızda fəaliyyət göstərən otellər artıq yay mövsümünə başlayıblar".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O qeyd ki, həm yerli, həm də əcnəbi turistlər regionlarda istirahət etməyə daha çox üstünlük verirlər:

"Təbii ki, bu da Azərbaycanın bölgələrinin füsunkar təbiəti ilə bağlıdır. Lakin otellərdə qiymətlər bir qədər yüksəkdir. Onun da müxtəlif səbəbləri var".

Ekspert həmin səbəbləri də diqqətə çatdırıb:

"Hesab edirəm ki, iki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi bir çox sahələrə olduğu kimi bu sektora da mənfi təsir göstərdi. Belə ki, rus turistlərin başqa ölkələrə getməsində məhdudiyyətlər olduğu üçün Türkiyə və Azərbaycana gəlməyə daha çox üstünlük verirlər. Turistlərin sayının artması fonunda isə otellərdə qiymətlər bahalaşıb. Yəni dolululuq səviyyəsi otel qiymətlərinin artmasına gətirib çıxarıb".

Mütəxəssis onu da bildirib ki, region sakinlərinin öz evlərini turistlərə kirayə verməsi də otel qiymətlərinə təsir edir:

"Düzdür, vətəndaşların evlərini turistlərə kirayə verməsi yaxşı haldır. Çünki bu, həm də regionda sosial inkişafa şərait yaradır. Hətta bu təşviqi hər zaman aparmaq lazımdır. Üstəlik, regionlara səfər edən turistlər də kirayə evlərə də üz tuturlar. 

Bu faktor isə az da olsa otellərin qiymətinin bahalaşmasına təsir göstərə bilir. Lakin qarşıdakı 3 ayda turist sıxlığının pik həddinin yaşanacağı üçün qiymətlərin bahalaşmasının qaçılmaz olacağını da vurğulamaq yerinə düşər".

Pərviz

0