Azərbaycan məktəbləri elektron dərsliklərə keçir? - AÇIQLAMA

İQTİSADİYYAT
23:07 / 02.07.2024
304

"Dünyanın bir çox ölkələrində artıq elektron dərsliklərə keçirilməsinə nəinki başlanılıb, hətta bu proses məktəblərdə icra olunur və şagirdlər bundan çox asanlıqla istifadə edirlər".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, burada məsələ təkcə məktəbli çantasının ağır yükündən, kağızla təmasdan xilas olmaq deyil, eyni zamanda müasir dövrün təhsil dünyasının tələblərindən birinə keçirilməsinin vacibliyidir:

"Beynəlxalq qaydalara əsasən, bir çanta şagird çəkisinin 10%-dən çox olmamalıdır. Bunu tibb mütəxəsisləri müəyyənləşdiriblər və təhsil ictimaiyyəti də buna əməl etməyə borcludur. Məsələn, 45 kq ağırlığında olan bir məktəblinin çantası 4,5 kq-dan ağır olmamalı, onu keçməməlidir. Hətta bəzi ölkələr bu 10%-lik göstəricini azaldıblar. Bizdə isə xüsusən ibtidai siniflərdəki uşaqların çantasının ağırlığı onların çəksinin 10%-ni keçir".

Bu barədə dəfələrlə danışıldığını və müəyyən problemlərin göstərildiyini xatırladan ekspert söyləyib ki, çıxış yolları ilə bağlı təkliflər də irəli sürülüb: "Rəqəmsal dərsliklərə keçid zərurətdən doğan məsələdir. Biz bir müddət budan əvvəl anoloji mövzu ilə bağlı danışanda da bunun təqdirəlayiq olduğunu bildirmişdik. İndi də o fikirdəyik. Amma bir az real olmaq lazımdır. Bu gün bizim təhsil sistemimiz və təhsilimiz həqiqətənmi rəqəmsal dərsliklərə keçidə hazırdır? Çünki məsələnin madd və texniki tərəfləri var. Rəqəmsal dərsliklər şagirdlərə necə çatdırılacaq, şagirdlərin bu dərsliklərlə təmin olunma adekvatlığı necə olacaq? Məlumdur ki, rəqəmsal dərsliyə keçid zamanı hər bir şagird müvafiq cihaz və avadanlıqla təmin olunmalıdır. Çünki onlayn formada hazırlanan dərsliklərin yerləşdirildiyi cihazlar həmin texniki vasitələrlə şagirdlərin bir növ çantası rolunu oynayır. Ona görə də burada mexanizmin necə tənzimlənəcəyini söyləmək bir qədər çətindir".

"Onu bilirəm ki, rəqəmsal dərsliklərə keçid çox vacibdir. Özü də bu, böyük layihələr fonunda olmalıdır. Eyni zamanda, həmin dərsliklərlə yüklənmiş xüsusi planşetlər hər bir təhsil alan üçün əlçatımlı olmalıdır", - ekspert əlavə edib.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin yekun vurduğu tenderə əsasən, Azərbaycanda istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında rəqəmsal dərsliklər hazırlanacaq. Nazirlik rəqəmsal dərsliklərin hazırlanması işlərini “Innovative Business Products” şirkətinə həvalə edib. Şirkətlə nazirlik arasında 287 500 manat dəyərində müqavilə bağlanıb.


 

0