Daxili turistlər ən çox hansı bölgələrə üz tuturlar? - SİYAHI

İQTİSADİYYAT
14:11 / 15.07.2024
345

"Hər il olduğu kimi bu il də yay tətilində vətəndaşlar paytaxtımızdan və böyük şəhərlərdən regionlara üz tuturlar". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O, daxili turistlərin ən çox getdiyi bölgələrin adını da söyləyib:
"Hazırda daha çox Şəki, Zaqatala, Qax və Balakən bölgəsinə daha çox üstünlük verirlər. Xüsusən 5 gün və ya 1 həftəlik tətilə çıxanlar bu rayonlara gedirlər. Qısamüddətli tətilə gedənlər isə şimal bölgəsinə üz tuturlar. Onlar isə Quba və Qusar rayonlarına getməyi seçirlər".

Ekspert qeyd edib ki, hazırda cənub bölgəsinə təlabat aşağıdır:
"Hazırda havanın temperaturunun müəyyən qədər isti olması ilə əlaqədar cənub bölgəsinə təlabat azdır. Amma payız və qış aylarında turizm baxımından Lənkəran və Lerik bölgəsində müsbət dəyişikliklər görmək olur". 
 
Mütəxəssis onu da diqqətə çatdırıb ki, əvvəlki illərlə müqayisədə artıq bölgələrdə yeni turizm mərkəzləri də yaranır:
"Hətta daxili turistlər Şuşa, Suqovuşan və Laçın istiqamətində də hərəkət edirlər. Düzdür, hələlik müəyyən qədər məhdudiyyətlər var. Amma buna baxmayaraq, tələbat çoxdur. 

Hesab edirəm ki, yaxın 5 ildə böyük turist kütləsi Qarabağ bölgəsinə daha çox üstünlük verəcək. Oranın füsunkar təbiət bunu deməyə əsas verir. Üstəlik, otellərin, sanatoriyaların, dağ-xizək krortlarının istifadəyə verilməsilə Qarabağ bölgəsi turistlər üçün daha da gözoxşayan olacaq". 

Rəhman Quliyevin sözlərinə görə, əvvəllər xarici ölkələrə üz tutan vətəndaşlar artıq bölgələrə yönəliblər:
"Hazırda daxili turizm Azərbaycan hüdudlarından kənara gedən turist sayını üstələyir. Buna səbəb quru sərhədlərinin bağlı olmasıdır. Məsələn, pandemiyadan öncə Gürcüstan, Rusiya kimi qonşu ölkələrə gedən böyük turist kütləsi indi regionlara maraq göstərir. Bu isə həm daxili turizmdə canlandırır, həm də Azərbaycan iqtisadiyyatına böyük töhfə verir".

Pərviz

0