Son günlər ətin qiymətində artım müşahidə olunur. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ət bahalaşıb. Elə alıcılar da ətin qiymətinin artdığını deyirlər. Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər.
Bəs ətin bahalaşmasına səbəb nədir?
Məsələ ilə bağlı Bizim Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ətin qiymətinin artımına əsas səbəb saxlanılan heyvanların sayının azalmasıdır.
"Əgər 10 il əvvəl ölkə daxilində xırdabuynuzlu heyvanların sayı 8.7 milyon baş idisə, indi bu say 7.5 milyona düşüb. Yəni 10 faizdən çox azalma var. Amma bunun kontekstində ölkədə ət istehlakı 20 faizə qədər artıb. Bir tərəfdən saxlanılan heyvanların sayında azalma var, digər tərəfdən əhalinin tələbatı artır. Bu da ətin bahalaşmasına gətirib çıxarır”.
Bəs heyvanların sayı niyə azalır?
"Saxlanılan heyvanların azalmasına səbəb insanların heyvandarlıqla əvvəlki həvəslə məşğul olmamasıdır. İnsanlar rayonlardan şəhərə köçür və heyvanları saxlayan qalmır. İkinci səbəb otlaq sahələrinin azalmasıdır. Otlaq sahələrinin azalmasının da iki səbəbi var. Birincisi şoranlıq, ikincisi əkinçilik... Hər yerdə müxtəlif əkin sahələri var və heyvanlara otlamağa ərazi qalmır. Bu da heyvan saxlama xərclərini çoxaldır. Otun bağlaması 5-6 manatdır və o bağlamanın birini bir mal bir günə yeyir” , - deyə ekspert qeyd edib.
Yaxın gələcəkdə ətin qiyməti necə dəyişəcək?
Ekspert bildirib ki, ətin qiymətinin zamanla daha da bahalaşacağı gözlənilir:
"Həm xərclərin artması, həm saxlanılan heyvanların sayının azalması, həm də tələbatın yüksək olması ətin qiymətini artırır. . Bu kontekstdə idxal əti ucuzlaşdıra bilər. Əvvəllər Ukraynadan ucuz ət məhsulları gəlirdi, lakin Ukrayna 2 ildir bazardan çıxıb. Gürcüstandan xırdabuynuzlu, diribaş qoyunlar gəlirdi, bu il isə Gürcüstanda heyvanlarda xəstəliklə əlaqədar bazara giriş əvvəlki illərlə müqayisədə azdır. Bütün bunları nəzərə alıb, təhlil etdikdə ətin qiymətinin yavaş-yavaş daha da bahalaşacağı gözlənilir”.