"Yay tətili günlərində ölkəmizə gələn xarici turistlər və paytaxt sakinləri regionlara getməyə daha çox üstünlük verirlər".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O, xarici turistlərin ən çox üz tutduğu bölgələrimizdən bəhs edib:
"Əcnəbi turistlər yay aylarında ən çox şimal bölgələrinə səfər edirlər. Yəni Quba, Qusar rayonlarına üz tuturlar. Eyni zamanda, qərb rayonlarından olan Şəki, Qax, Zaqatala və Balakənə də əcnəbi turist axını olur".
Ekspert qeyd edib ki, paytaxt sakinləri kimi əcnəbi turistlər də yay aylarında cənub bölgəsinə getməyə üstünlük vermirlər:
"Çünki hazırda cənub bölgəmizdə havanın temperaturu normadan yüksəkdir. Ona görə də cənub bölgəmizə gedən turist sayı yay aylarında xeyli azalır. Bu, hər il yaşanan ənənəvi vəziyyətdir".
Həmsöhbətimiz bu il yağışların turistlərə əngəl törətdiyini də söyləyib:
"Bu il İsmayıllı, Şəki və Qax bölgəsində yağan intensiv yağışlar turistlərin həmin istiqamətə gedişində müəyyən çətinliklər yaratdı. Amma buna baxmayaraq, otel rəhbərləri də turistlərlə razılığa gələrək rezervasiyaların vaxtlarını dəyişməklə onlara kömək etdilər. Həmçinin, rezervasiyaları cəriməsiz ləğv edərək də turistlərlə dəstək oldular. Əlbəttə ki, təbii fəlakətdən heç kim sığortalanmayıb".
Rəhman Quliyev hesab edir ki, qarşıdakı illərdə isə ən çox turist axını Qarabağa olacaq:
"Hazırda turistlər ən çox şimal bölgəmizə üstünlük verirlər. Hesab edirəm ki, qarşıdakı 5 il ərzində Qarabağ və Şərqi Zəngəzura böyük maraq olacaq. Bu gün Şuşa, Laçın və Suqovuşana turlar təşkil olunur. Üstəlik, təlabat da kifayət qədər çoxdur. Qarşıdakı illərdə isə xüsusən Şuşa, Laçın və Zəngilana böyük turist axının olacağını gözləyirəm".
Pərviz