"Azərbaycanda geyim biznesinin 85-90 faizi idxaldan asılıdır".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu səbəbdən də geyim qiymətləri baha olur:
"Üstəlik, xaricdə qiymətlər artdıqca avtomatik olaraq bizə idxal olunan geyimlər də bahalaşır. Ümumiyyətlə, geyim sənayesində monopoliya yoxdur. Yəni hər kəs xaricdən paltar gətirib sata bilər. Ona görə də bu sektorda qiymətlərin bahalaşmaması üçün hansısa addım atmağa ehtiyac yoxdur".
Ekspert qeyd edib ki, hər bir vətəndaş bəzi tətbiqlər vasitəsilə xaricdən geyim sifariş edə bilər:
"Hətta hökumət tərəfindən onlara 300 dollara qədər olan sifarişləri rüsumsuz gətirmək üstünlüyü də yaradılıb. Üstəlik, onlar Azərbaycanda satılan geyimlərin qiymətindən daha ucuza sifariş verə bilərlər.
Ona görə də ölkəmizdəki geyim bazarlarında hər hansısa qiymət tənzimləməsindən söhbət gedə bilməz. Qiymətləri sadəcə bazar tənzimləyir. Sahibkar baha qiymətə sata bilməyəndə onsuz da ucuzlaşdıracaq. Amma görünür, baha qiymətə sata bildikləri üçün geyimlər bahadır".
Həmsöhbətimiz ölkəmizdəki geyimlərin baha olmasının səbəblərindən də danışıb:
"Daşıma və alış qiymətləri artıb. Bunlar da əlbəttə qiymətləri təsir göstərir. Bahalaşmanın bir səbəbi də şəffalaşma ilə bağlıdır. Əvvəl vergidən yayınıb daha ucuz qiymətə satırdılar, indi isə onu da qiymətin üzərinə gəlirlər. Şəffaflaşma prosesi tam başa çatdıqdan sonra digər faktorlara baxmaq olar. Amma şəffaflaşma prosesinin davam etməsi qiymətlərin artmasına səbəb olacaq. Çünki sahibkar ödədiyi vergini sonda alıcıdan alır".
Xalid Kərimlinin sözlərinə görə, geyimlərin bahalaşmasının qarşısını almaq üçün addım atılmamalıdır:
"Rəqabət var və qiymət yüksəkdirsə, heç bir addım atmaq lazım deyil. Bunun qarşısını almaq qeyri-mümkündür. Üstəlik, bunu etməyə də lüzum yoxdur. Sadəcə olaraq vətəndaşlar öz ciblərinə uyğun geyimlər almalıdırlar".
Pərviz