"Gələcəkdə buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsinin qadağan olunması gündəmə gələ də bilər, gəlməyə də bilər".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
Lakin mütəxəssis bildirib ki, hər hansısa nəqliyyat vasitəsinin yaşı onun reqlamentindən asılı olaraq dəyişir:
"Məsələn, elə avtomobillər var ki, illər keçsə də öz dayanıqlılığını saxlaya bilir. Üstəlik, hazırda ölkə ərazisində buraxılış ili köhnə olan avtomobillərə böyük təlabat var. Çünki köhnə avtomobillərin ehtiyat hissələrini və servislərini rahatlıqla tapmaq olur. Həmçinin, onları təmir edəcək ustaların da sayı kifayət qədər çoxdur".
Onun sözlərinə görə, buraxılış ili köhnə olan avtomobilləri almaq daha rahatdır:
"Buraxılış ili köhnə olan avtomobilləri çox münasib qiymətlərə almaq mümkündür. Üstəlik, onların ehtiyat hissələri də qismən daha rahat tapılır. Hətta həmin ehtiyat hissələri də yeni avtomobillərlə müqayisədə olduqca ucuzdur. Usta və servis xərcləri də daha aşağıdır. Bütün bunlara görə, indiki vəziyyətdə buraxılış ili köhnə olan avtomobillərin istifadəsinin qadağan olunacağını düşünmürəm".
Ekspert qeyd edib ki, buraxılış ili yeni olan müasir avtomobillərin isə bir çox problemi var:
"Belə ki, sözügedən avtomobillərin servisləri elə də əlçatan olmur. Üstəlik, servis qiymətləri də kifayət qədər yüksəkdir. Həmçinin, yeni avtomobillərin ehtiyat hissələrini və ustalarını tapmaq çox çətindir. Bundan başqa, yeni avtomobillərin xərcləri köhnə avtomobillərlə müqayisədə daha çoxdur. Buraxılış ili yeni olan avtomobillərin satışları da aşağıdır. Yəni əlçatan deyillər. Bu kimi amillər insanları yeni nəqliyyat vasitələri almaqdan çəkindirir".
Pərviz