Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında bu sual ətrafında öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, taksi xidmətinin qiymətləri hazırda elə bir pik həddə gəlib çatıb ki, onun sentyabrdan yenidən bahalaşacağı gözlənilmir. Ekspert vurğulayıb ki, artıq kifayət qədər taksi xidmətləri bahalaşıb. O həmçinin taksi fəaliyyəti üçün icazə verilən nəqliyyat vasitələrinin sayının kifayət qədər azlığı ucbatından sifarişlərdə ləngimə hallarının qaçılmaz olacağını vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə İqtisadiyyat.az-a açıqlamasında taksi məsələsinin gündəmdə olduğunu, bu sahədə aparılan islahatları və taksi nəqliyyat vasitələrinə qoyulan tələblərin hamını maraqlandırdığını söyləyib.
O bildirib ki, paytaxtdakı tıxacı, sıxlığı və yaranmış problemləri həll etmək üçün ictimai nəqliyyata, eləcə də ikitəkərli nəqliyyat vasitələrinə - velosiped, skuter və digərlərinə yönəlmək lazımdır: “Çünki belə olmadıqda bizim heç cür vəziyyətdən çıxış yolumuz olmayacaq. Zolaqların sayını artırsaq da, yeni avtomobil yolları tiksək də, artan nəqliyyat vasitələrinin sayını ancaq ictimai nəqliyyat və digər kiçik həcmli nəqliyyat vasitələri ilə aradan qaldırmaq olar”.
Y.Mustafayev hesab edir ki, sentyabrdan taksi fəaliyyətində qiymət artımları olmayacaq: “Çünki bu məsələ artıq oturuşub. Yəni müəyyən qədər qiymətlərdə artım olsa da, artıq sabitləşib. Buna görə də qiymət artımını gözləmək doğru olmaz. Hazırda bu sahədə müəyyən təlatüm yaşanır. Bu sahədə tələblərə cavab verməyən nəqliyyat vasitələri artıq sıradan, dövriyyədən çıxdılar. Eyni zamanda sürücülərə qoyulan tələblər, onların tibbi baxışdan keçməsi, avtomobillərinin qeydiyyatdan keçirilməsi - bunların hamısı bitib”.