"Bəzən taksi sifariş verdiyimiz zaman avtomobil gələnə qədər tətbiqdə gediş haqqının qiyməti dəyişə bilir".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, ölkəmizdə taksilərdə gediş haqqı üçün vahid qiymət cədvəli tətbiq olunmayıb:
"Buna görə də kimisə günahlandırmaq düzgün olmaz. Bu gün vətəndaşların taksi sifariş verərkən tətbiqdə gördükləri qiymətlər aqreqatorların təyin etdiyi gediş haqqı tarifləridir. Yəni taksi şirkətlərinin təyin etdiyi qiymətə əsasən gediş haqqı formalaşır".
Ekspert vətəndaşların taksi sifarişi zaman qarşılaşdığı problemlərdən də söz açıb:
"Bəzən sürücülərlə sifariş verən şəxs arasında problem yarana bilir. Məsələn, bəzi sürücülər sifarişi qəbul etməsinə rəğmən gəlmirlər, bəziləri isə tətbiq ucuz qiymətə sifariş verdikdə qəbul etmir. Bu hallarla qarşılaşan vətəndaş isə həm taksi şirkətinə şikayət edir, həm də öz ətrafındakı insanlara bu barədə məlumat verir.
Düşünürəm ki, belə halların qarşısını almaq üçün də lazımi qurumlar tədbirlər görməlidirlər. Yalnız o halda bütün bu məsələlər öz həllini tapa bilər. Əks təqdirdə, analoji hallar yaşanmağa davam edəcək".
Aslan Əsədov gözlənilən tarif tənzimləmələri barədə də danışıb:
"Yaxın zamanda tarif tənzimləmələri həyata keçiriləcək. Düşünürəm ki, süni intellekt əsasında qiymətlər müəyyən olunacaq. Amma bunun hansı dərəcədə əsaslandırılıb-əsaslandırılmadığını isə zaman göstərəcək".
Pərviz