Ötən ay Azərbaycanda bəzi məhsulların qiymətində artım yaşanıb.
Daha dəqiq desək, ət, yağ və yumurta başda olmaqla bir çox məhsul bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Maraqlıdır, bu bahalaşmaya təsir edən əsas faktorlar nələrdir?
İqtisadçı ekspert Elçin Rəşidov mövzu ilə bağlı Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizdə hər zaman iki səbəbə görə bahalaşma olur:
"Bunlardan birincisi beynəlxalq qiymətlərdir. Yəni Azərbaycan bazarındakı qiymətlər qlobal qiymətlərdən asılıdır. Həmin qiymətlər dəyişməsi ölkəmizdəki bazara təsir edir. Ona görə də ötən ay ət, yağ, yumurta, pomidor və xiyar kimi məhsulların qiyməti bahalaşıb".
Ekspertin sözlərinə görə, ikinci səbəb isə məmur monopoliyasıdır:
"Biz post-pandemiya dövründə gördük ki, bütün dünyada ərzaq qiymətləri aşağı düşdü. Lakin həmin il Azərbaycanda 20 faiz ərzaq inflyasiyası oldu. Hərçənd ki, qlobal bazarda baş verən qiymət dəyişikləri öz əksini ölkəmizdə də göstərməlidir.
Dünyada ərzaqların qiymətinin düşməsinin bizə təsir etməməsinin isə daxili səbəbi var. Burada səbəbi məmur bizneslərində və onların maraqlarında axtarmaq lazımdır. Çünki onlar müəyyən rıçaqları nəzarət altında saxlayaraq bəzi sahələrdə monopoliya yarada bilirlər. Qiymətləri qaldırmaq iqtisadiyyatın zərərinə olsa da, onların marağındadır".
Pərviz