Un ucuzlaşdı: çörəyin qiyməti niyə dəyişməz qalıb?

12:42 / 16.08.2024
291

Xəbər verdiyimiz kimi, Azərbaycanda istehsalçılar unun topdansatış qiymətini avqustun 12-dən etibarən azaldıblar. Belə ki, ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur. Ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi. Lakin unun topdansatış qiymətinin ucuzlaşmasına baxmayaraq, çörəyin və un məmulatlarının qiymətində hər hansı bir dəyişiklik müşahidə edilmir. Ekspertlər bunu bir neçə amillə əlaqələndiriblər.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, unun qiymətinin artıb-azalması çörəyin qiymətinə təsir etmir. O, bu ilin mart-aprel aylarında unun qiymətinin 26 manatdan 30-32 manata artdığını, amma bununla yanaşı çörəyin qiymətində dəyişiklik olmadığını xatırladıb. Ekspert söyləyib ki, yəni un bahalaşsa belə, çörəyin qiyməti dəyişməz qalıb.

İqtisadçı un ucuzlaşanda çörəyin qiymətinin dəyişməməsini belə izah edib: “Əvvəlcə, gəlin bir çörəyə neçə qəpik düşdüyünü aydınlaşdırmaq üçün 50 kiloqramlıq un kisəsini bölək. Əgər unun topdansatış qiyməti lap 2 manat ucuzlaşıbsa, həmin 2 manatı 50 kiloqrama bölürük. Bir kiloqrama görə hər çörəkdə 4 qəpik fərq edir. 500-600 qramlıq çörəkdə bu, qiymətə 2 qəpik təsir edir. Yəni unun qiymətində bu cür dəyişiklik çörəyin qiymətinə 1-2 qəpik təsir göstərir. Məsələ ondadır ki, unun topdansatış qiyməti artanda da çörək istehsalçıları 1-2 qəpiklik fərqə görə qiymətləri qaldırmırlar, eynilə unun qiyməti azalanda da bu dəyişikliyə getməyə üstünlük vermirlər. Birincisində çörək istehsalçılarının marjaları aşağı düşür, digərində isə artır”.

X.Kərimli vurğulayıb ki, un buğdanın qiymətinin dəyişməsinə həssasdır: “Çünki unun içərisində buğda qiyməti 80-85% təşkil edir. Bundan əlavə, burada daşınma, vergi, fəhlə xərcləri filan da nəzərə alınmalıdır. Ona görə də buğdanın qiyməti dəyişən kimi bu dərhal unun qiymətində də özünü göstərir. Amma çörəyin qiymətinin içərisində unun çəkisi 30-35%-dir. O baxımdan buğda qiymətləri düşəndə un qiymətləri sürətlə dəyişir, amma unun qiyməti düşüb-qalxanda çörəyin qiyməti sürətlə hərəkət etmir. Burada da eynilə zavod, vergi, işçi xərclərini nəzərə almaq lazımdır”.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, unun 50 kiloqramında 1 manat 30 qəpik, yaxud 2 manat fərq o qədər də aşırı ucuzlaşma deyil.

Onun sözlərinə görə, çörəyin maya dəyərinə bunun təsiri çox cüzidir: “Məsələn, 50 kiloqramlıq undan 100 ədəd çörək hazırlanır. Onu 4 manata böldükdə hər çörəyin maya dəyərində 4 qəpik azalma olur. Əgər çörək istehsalı və satışı seqmenti inhisarda olmasaydı unun maya dəyərində 1 qəpik azalma da çörəyin qiymətinə təsir edərdi. Amma çörəyin maya dəyərində 5-6 qəpik ucuzlaşmanı artıq istehsalçılar özlərinə mənfəət kimi götürürlər və qiymətdə əks etdirmirlər. Çünki rəqibləri yoxdur və buna görə də arxayındırlar. Digər istehsalçıların əksəriyyəti sıradan çıxarılıb, ya da bazarın böyük hissəsi inhisarçıların əlindədir”.

0