"Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələr bənzərsizdir" - Mütəxəssis

İQTİSADİYYAT
12:46 / 20.08.2024
278

Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi artmağa davam edir.

Belə ki, cari ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Hesabat dövründə Rusiyanın ticarət dövriyyəsindəki payı da 9,6% təşkil edib. 

Onu da əlavə edək ki, keçən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 359 milyon dollar təşkil edib. Bu isə 2022-ci illə müqayisədə 17,5% artım deməkdir. Yəni bütün bu nümunələr Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin də necə mühüm olduğunu və getdikcə inkişaf etdiyini göstərir.

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir:

356349

"Azərbaycanla Rusiya arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlıq var. Üstəlik, bu əməkdaşlıq inkişaf dinamikasına malikdir. Tərəflər arasında ticari, iqtisadi, tranzit, turizm və investisiya sahəsində çox əhəmiyyətli əlaqələr mövcuddur. Rusiya və Azərbaycan iqtisadiyyatının böyüməsi iki ölkə arasındakı əlaqələrin də genişlənməsinə səbəb olur".

Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycanın qeyri-neft ixracına və idxalına Rusiya liderlik edir:

"Belə ki, 18,2 faiz idxalımız Rusiyadan təmin olunur. Həmçinin, qeyri-neft ixracımızın 33 faizdən çox hissəsi bu ölkənin payına düşür. Yəni bizim üçün qeyri-neft ixracında Rusiya bazarı hər zaman olduğu kimi birinci sıradadır. Azərbaycanın idxalında isə Rusiya ilk üçlükdə qərarlaşıb".

Xalid Kərimli vurğulayıb ki, Azərbaycanın ticari partnyorları arasında Rusiyanın rolu bənzərsizdir:

"Üstəlik, bu əlaqə mövcud iqtisadi və sosial vəziyyətinin formalaşmasında da mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Rusiyadan həmyerlilərimizin Azərbaycana göndərdikləri pullar ciddi sosial-iqtisadi təsirlərə malikdir. Rusiyada işləyən azərbaycanlılar pul göndərməklə öz ailələrini maddi vəziyyətini dəstəkləyirlər. Bu isə öz növbəsində ölkənin sosial vəziyyətinə birbaşa təsir göstərir".

Pərviz

0