Yay aylarında su istehlakı önəmlidir. Ölkənin bütün topdan və pərakəndə satış obyektlərinin qarşısında müxtəlif qablarda qablaşdırılımış suların alqı-satqısının həyata keçirildiyini görmək mümkündür.
Şüşə və ya plastik butulkalarda satılan sular günlərlə günün altında qalır.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında qeyd edib ki, plastik qablarda satılan sulardan istifadə etmək doğru hal hesab olunmur:
"Biz küçələrdə satılan sulardan çox narahatıq. Azad İstehlakçılar Birliyi illərdir bu məsələ ilə bağlı iş aparır ki, xüsusən plastik qablarda qablaşdırılmış sular küçələrdə qoyulmasın, sabit və otaq temperaturunda saxlanılsın. İstehlakçıları daim məlumatlandırırıq ki, şüşə qablarda olan sulardan istifadə etsinlər. Lakin nə etmək olar, bu, bazar iqtisadiyyatıdır. Daha az maya dəyərinə nail olmaq üçün plastik qablarda qablaşdırırlar. Xüsusilə də isti şəraitdə qalması və əzilməsi ilə kimyəvi elementlər suya miqrasiya edir. Biz bunun tərəfdarı deyilik. Suların açıq havada, günəş şüaları altında satılmasının qarşısı alınmalıdır. Bu, arzuolunmaz haldır. İstehlakçılar sağlamlıqlarının qeydinə qalmalı, günəş şüaları altında satılan sulardan istifadə etməməlidir".
Sevinc