Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təqdim etdiyi parkinq xidməti ilə bağlı narazılıq bildirilib.
Modern.az-a müraciət edən şikayətçi iddia edib ki, avtovağzalın parkinq ərazisində 1 dəqiqə qalmaqla 2 saat qalmaq arasında heç bir fərq yoxdur, hər ikisi üçün qiymət 1 manat təşkil edir.
“Parkinqə daxil olanda kart verilir və çıxış edəndə həmin kartla ödəniş həyata keçirilir. Parkinqin qiyməti 0-2 saat üçün 1 manat təşkil edir. Ancaq avtovağzal ərazisində 5 dəqiqə qaldım və çıxanda yenə 1 manat ödədim. Dəmiryolunda və hava limanında belə deyil, ilk 15 dəqiqə pulsuzdur. Burada da belə olsa, yaxşı olar”, - vətəndaş bildirib.
Məsələ ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Rövşən Əliyev Modern.az-a bildirib ki, Beynəlxalq Avtovağzal Kompleksinin parkinq ərazisində avtomobillərin ilk 15 dəqiqə dayanması ödənişsizdir, vətəndaşlar 15 dəqiqə ərzində sərnişinləri düşürdə və yüklərini boşalda bilərlər. Sözügedən tarif perron və parkinq üçün keçərlidir.
Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində fəaliyyət göstərən avtomobil dayanacağında xidmət müəyyən limit nəzərə alınmaqla ödənişlidir. 0-2 saat üçün ödəniş 1 manat, 2-6 saat üçün 2 manat, 6-12 saat üçün 3 manat, 12-24 saat üçün 4 manatdır.
Ancaq Avtovağzal Kompleksinin qovşaq ərazisində dayanacaq avtomobilin həmin ərazidə neçə dəqiqə qalmasından asılı olmayaraq ödənişlidir.
“Qovşaq ərazidə dayanacaq ödənişli olmaqla şəhərdaxili, şəhərlərarası avtobuslar və qanuni taksi fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub”, - qurumdan bildirilib. Burada da parkinq tarifləri eynidir.