Yeddi manata başa gələn kərə yağı 25 manata satılır -AÇIQLAMA

İQTİSADİYYAT
16:38 / 23.08.2024
334

Azərbaycanın kərə yağı idxalına çəkdiyi xərc artıb. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 85,3 milyon dollar dəyərində kərə yağı idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 57,7% çoxdur. Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,79%-ni təşkil edib. İdxal xərclərinin artımı ölkədə kərə yağının qiymətinə necə təsir göstərəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı, xüsusən də ağartı məhsulları ötən ilə qədər ölkə daxilindəki tələbatın təxminən 50%-nə qədərini ödəyib.

Onun sözlərinə görə, qalan 50%-dən çoxu isə idxal olunub. İqtisadçı deyir ki, son illər, xüsusilə də bu il örüş yerləri yox səviyyəsində olduğuna görə heyvanlar qapalı şəraitdə saxlanılır.

Ekspert vurğulayıb ki, heyvanların qapalı şəraitdə saxlanılması onların xərclərini artırır: “Xərclərin artması ilə yanaşı, həm də heyvanın sayı azalır. Məsələn, biri var ki, 200 baş heyvan gedib örüş yerində otlasın, biri də var ki, hərə öz qapısında, tövləsində heyvanı qapalı şəraitdə saxlasın. İnək qapalı şəraitdə saxlanıldıqda həm onun sayı azalır, həm də xərci artır. Nəticədə heyvandarlıq məhsullarının maya dəyəri çoxalır. Ona görə də heyvandarlıq məhsulları, o cümlədən də kərə yağı həm getdikcə bahalaşır, həm də onun istehsalı aşağı düşür. Bu səbəbdən də biz idxala üstünlük veririk”.

Yeni Zelandiyada kərə yağının bir kiloqramının 6-7 manata başa gəldiyini xatırladan ekspert söyləyib ki, onu Azərbaycan gömrüyünə qədər 9 manata gətirirlər: “9 manata gətirilən kərə yağı Azərbaycan bazarında təxminən 18-20 manata satılır. Amma bəzilərini də gətirib Azərbaycanda qablaşdırırlar. Həmin o qablaşdırılan yağlara da ucuz yağ qatılır. Belə olan halda qiymət daha da bahalaşır və 18-20 manata satılan yağ 22-23 manata, hətta 25 manata istehlakçılara təklif edilir. Yəni ölkə daxilində istehsalın azalması və onun maya dəyərinin artması kərə yağının qiymətinin artmasına gətirib çıxarır”.

“Qarşıdakı aylarda kərə yağının qiymətində tədricən bahalaşma gözləniləndir. Nə qədər ki heyvandarlıqla məşğul olan fermerlərin örüşlərini özlərinə qaytarmamışıq və onların yem bazasının formalaşmasına dəstək verməmişik, proses bu cür də davam edəcək”, - A. Nəsirli əlavə edib.

0