20-35 min manata təklif edilən evlər - Onları almaq təhlükəlidir?

İQTİSADİYYAT
18:38 / 23.08.2024
275

Son dövrlər Bakının mərkəzindən uzaq ərazilərdə ucuz qiymətə satışa çıxarılan bir-iki otaqlı həyət evlərinin satışı ilə bağlı reklamlara rast gəlirik.  "Makler evləri” kimi adlanan bu evlər müştərilərə 20-35 min arası təklif olunur. Həmin evlərin kifayət qədər alıcıları da var. Bəs bu evləri alan şəxslər gələcəkdə hansı problemlə qarşılaşa bilər? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Əsədov bildirib ki, bu evlərin almağın böyük riskləri var:

"Bu evlərin çox vaxt sənədi olmur. Bəzi hallarda bu evlərə komunikasiya xətləri qanuni yollarla deyil, qanunsuz yollarla çəkilir. Ötən ilin oktyabrın 1-də qanunda dəyişiklik edildi. Belə ki, çıxarış olmazsa, həmin evlərə çıxarış xətlərinin çəkilməsi qanunsuz hesab olunur. İkinci məsələ isə gələcəkdə bu kimi evlərlə bağlı amnistiya olsa belə həmin evlərinin qanuni hüquqlarının tanınmasıdır. Vətəndaşlar bu evlərə qeydiyyata düşə bilmir, onların mülkiyyət hüquqları tanınmır, həmin daşınmaz əmlakı sığorta edə bilmir”.

"Vətəndaşlar həmin ucuz təklif olunan mənzilləri alarkən nəyə diqqət etməlidir” sualına cavab olaraq ekspert bildirib ki, qanunla yalnız çıxarışı olan mülkiyyəti almaq olar. Bu evlərin notarial qaydada alqı-satqısı edilir, Ədliyyə Nazirliyi qeydiyyata alır və bununla bağlı müvafiq sənəd verilir. Qanunla yalnız bu mümkündür, daşınmaz əmlak alqı-satqısı ilə bağlı qalan digər hərəkətlər qanunsuz hesab edilir”.

0