Hazırda otellər arasında rəqabət necədir? - Ekspert danışdı

İQTİSADİYYAT
13:14 / 27.08.2024
368

"Bakıda və regionlarda fəaliyyət göstərən otellərin iş fəaliyyəti əvvəlki illərə nisbətən qənaətbəxşdir".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, bunu bütün otellərə aid etmək olmaz:

"Çünki elə otellər var ki, əvvəllər fəaliyyəti daha yaxşı idi, indi onların vəziyyəti zəifləyib. Təbii ki, belə otellərin sayı azdır. Amma otellərdə yerləşmə sayının çoxalması böyük tələbat olduğunu göstərir. Tələbat olduğu yerdə isə rəqabət olur".

356879

Ekspert otellər arasında gedən rəqabət barədə də danışıb:

"Araşdırmalarım nəticəsində belə qənaətə gəldim ki, bugünkü gündə otellər arasındakı rəqabət ancaq keyfiyyət üzərində qurulub. İnsanların sosial rifahı da yüksəldiyi üçün keyfiyyətli xidmət axtarırlar. Artıq insanlar ucuza deyil, keyfiyyətə daha çox önəm verirlər. Bu baxımdan da bazar özü otelləri yeni mərhələyə qədəm qoymağa məcbur edir".

O qeyd edib ki, son illərdə əhalinin rifahı yüksəlib:

"İnsanların sosial rifahının yaxşılaşması bir çox sahəyə təsir göstərir. Artıq Azərbaycanda iş yerləri də kifayət qədər çoxdur. Hətta demək olar ki, bu gün ölkəmizdə işsiz adam yoxdur. Bu isə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdığını göstərir. Ona görə də daha yaxşı və keyfiyyətli alış-veriş edirlər. 

Bu gün Azərbaycan xalqı öz istirahətinə də vaxt ayırır. Vətəndaşlar həm bölgələrə, həm də ölkə hüdudlarından kənara üz tuturlar. Bütün bunlar isə əlbəttə otellər arasında rəqabəti də artırır və onları daha keyfiyyətli xidmət göstərməyə sövq edir". 

Pərviz

0