Mobil telefon bazarlarında satışda olan bəzi telefonların qiyməti xeyli diqqət çəkir.
Belə ki, bəzi telefonların köhnə modelləri də kifayət qədər baha qiymətə təklif olunur. Bir çox telefon isə ikinci əl olmasına baxmayaraq, baha qiymətə satışa qoyulur. Hətta belə modellərin bir çoxu yeni telefonların bəzilərindən daha baha qiymətə satılır. Bunun səbəbi isə alıcıların marağına səbəb olur.
Axı nə üçün bəzi mobil telefonların köhnə və işlənmiş modelləri yeni telefonlardan baha satılır? Bunun səbəbləri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O, bəzi köhnə telefonların baha satılmasının bir neçə səbəbi ola biləcəyini söyləyib:
"Ümumiyyətlə, hansısa telefonun baha qiymətə təklif olunması onun real bazarı olması demək deyil. Məsələn, kimsə öz telefonunu daha baha qiymətə satışa çıxara bilər. Amma onun satılıb-satılmayacağı bəlli deyil. Yəni əsas daha baha satmaq istəyi deyil, onun alıcısının olmasıdır".
Ekspert qeyd edib ki, bəzi telefon modelləri istehsal olunmur və ya yeni versiyalarına tələb olmur:
"Bir çox telefon modellərinin istehsalı dayandığı üçün artıq ölkəmizə idxal olunmur. Amma bəzi köhnə modellər hələ də telefon istifadəçilər arasında nüfuzlu hesab edilir.
Həmçinin, bir çox telefon markasının yeni çıxan modelləri gözləntiləri qarşılamır və istifadəçiləri qane etmir. Ona görə də yeni çıxan modellər də o qədər effektli olmadığı üçün, köhnələr bazarda öz nüfuzunu saxlayır. Bütün bunlar isə köhnə modellərin bazarda daha baha qiymətə satılmasına səbəb ola bilir".
Pərviz