Çoxuşaqlı ailələrə verilən müavinət nə vaxt dayandırılır? - Rəsmi Açıqlama

İQTİSADİYYAT
22:13 / 01.09.2024
271

Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Bəs həmin müavinət nə vaxt dayandırılır? Uşaqlardan biri 18 yaşına çatdıqda və ya vəfat etdikdə sosial müavinət dayandırılır?

HİT.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Fondun mətbuat katibi Rəşad Mehdili bildrib ki, müavinətin ödənilməsi uşaqlar 18 yaına çatana qədər ödənir:

"Beşdən çox uşağı olan qadınlara müavinət, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı yəni 6-cı uşağı bir yaşına çatdıqda təyin olunur. Müavinətin məbləği hər uşaq üçün 105 manat təşkil edir. Müavinətin ödənişi isə uşaqların18 yaşı tamam olan ayın sonunadək davam etdirilir". 

R.Mehdili vurğulayıb ki, uşaqlardan biri və ya bir neçəsi vəfat etdikdə və ya 18 yaşına çatdıqda digər uşaqların müavinətinin verilməsi davam etdirilir:  

"Müavinətin təyinatından sonra uşaqlardan hər hansı birinin 18 yaşı tamam olduqda və ya vəfat etdikdə ona ödənilən vəsait (105 manat) müavinətin ümumi məbləğindən çıxılır və digər uşaqlar üçün nəzərdə tutulan vəsaitin ödənişi isə davam etdirilir. Sonuncu uşağın 18 yaşı tamam olduqda isə müavinətin ödənişi dayandırılır".

Qeyd edək ki, 2024-cü il iyulun 1-dək ölkədə qeydə alınan çoxuşalı anaların sayı 2700 nəfər olub. 5-dən çox uşağı olan 2,7 min qadına 11 838 uşaq üçün aylıq müavinət ödənilib.

Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunub.
 

0