"Bakı Metropoliteninin vaqonlarının necə olmasından asılı olmayaraq, əsas xidmətin keyfiyyəti önəmlidir".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, metronun bütün vaqonları kifayət qədər müasir olmaya bilər:
"Bu, dünyanın bir çox ölkələrində belədir. Amma sözügedən vaqonları istismar edərkən mütləq şəkildə əlavə konfiqurasiyalar quraşdırmaq lazımdır. Həmçinin, müasir havalandırma və isitmə sistemləri, habelə yüksək səviyyəli hava təminatı ilə bağlı avadanlıqların əlavə olunması zəruridir. Məsələn, vaqon köhnə olsa da, forsmajor hallarda qatarı havalandırmaq üçün hava təminatı avadanlığından istifadə edilməlidir".
Ekspert qeyd edib ki, Bakının əsas sərnişin daşıma yükü metronun üzərindədir:
"Bakı artıq meqapolisdir. Meqapolisin isə özünə uyğun problemləri və yüklənmələri olur. Üstəlik, paytaxtımız ölkənin ən çox sərnişin daşınılan şəhəridir. Xüsusilə metronun yüklənməsi ən yüksək səviyyədədir. Çünki ictimai nəqliyyatın əsas yükünü Bakı Metropoliteni üzərinə götürür. Ona görə də yeni işlərin görülməsi vacibdir".
Həmsöhbətimiz tezliklə yeni vaqonların da istismara veriləcəyinin gözlənildiyini bildirib:
"Bir müddət əvvəl Bakı Metropoliteni tərəfindən əlavə vaqonların gətiriləcəyi açıqlanmışdı. Yəqin ki, sözügedən vaqonlar hələ çatmayıb və yaxud da istismara verilməyib. Lakin müasir vaqonların da xəttə buraxılması qarşıda duran əsas məqsədlər sırasındadır. İnanırıq ki, tezliklə bu məsələ də öz həllini tapacaq".
Pərviz