Nə üçün eyni məhsul iki fərqli mağazada fərqli qiymətə satılır? - SƏBƏB

İQTİSADİYYAT
13:52 / 11.09.2024
401

Bəzən eyni məhsulun iki fərqli mağazada fərqli qiymətlərə satıldığını görürük. 

Belə hallara adətən fərqli ərazilərdə yerləşən mağazalarda rast gəlmək mümkündür. Məsələn, bir ərazidə satılan hansısa eyni keyfiyyətli geyim 20 manatdırsa, başqa bir yerdə onu 40 manata satışa çıxarırlar. 

Hətta bəzi mağazalar eyni ərazidə yerləşsə belə qiymət fərqləri müşahidə olunur. Düzdür, eyni ərazidə olan mağazalarda qiymət fərqi yüksək olmur. Lakin hər halda, fərq özünü göstərir. Satıcılardan soruşduqda isə bunu əsasən arenda pulu ilə əlaqələndirirlər. 

Bəs əsl səbəb nədir? Nə üçün eyni məhsullar bir mağazada baha, digərində ucuz satılır? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, əslində qiymət fərqinin əsas səbəbi sadəcə arenda pulu olmaya da bilər:

357862

"Mağazaların özlərinin qiymət siyasətinin də burada həlledici rol oynaması mümkündür. Əgər Tarif Şurası qiyməti tənzimləmirsə və ya həmin məhsulun sahibinin xüsusi standartı yoxdursa, onu satanın istədiyi qiyməti təyin etmə hüququ var".

Ekspert qeyd edib ki, sadəcə vahid qiymət olanda, onu dəyişmək mümkün deyil:

"Məsələn, bəzi şirkətlər öz məhsullarının qiymətini standart olaraq təyin edir. Onlar satıldığı yerdən asılı olmayaraq eyni qiymətə satılır. 

Ümumiyyətlə, şirkətlər qiymət siyasətini seçməkdə sərbəstdirlər. Yalnız Tarif Şurasının tənzimlədiyi qiymətlərdə vahid qiymət siyasəti olmalıdır. Eyni zamanda, inhisarçı, hökmran mövqeyə sahib olan şəxslər üzərində isə hökumətin qiymətlə bağlı nəzarəti ola bilər. Amma qalan qiymətləri sahibkar özü təyin edə bilər. Yəni sahibkar mağazanın yerləşmə yerinə, arenda puluna və ya digər səbəblərə görə qiymət təyin etmə hüququ var".

Pərviz

0