Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ilin qrant müsabiqəsinin qalibləri və qrant müqavilələrini icra edən QHT-lər sırasında Neftçalada fəaliyyət göstərən “Ekoloji Maarifçiliyə Yardım ” ictimai birliyi də vardır. QHT “Neftçalanın neft-mədən ərazilərinə yaxın yaşayış yerlərində ekoloji vəziyyətin yaxşılaşdırılması” layihəsinin icrasının əsas hissəsini başa çatdırmışdır.
Neft-mədən ərazilərinə yaxın Yeniqışlaq, Mirqurbanlı kənd, Həsənəbad qəsəbələrində əhali nümayəndələri ilə görüşlər keçirərək mədən sənayesi tərəfindən yaşayış yerlərinə vurulan zərərli ekoloji təsirlərin səviyyəsi öyrənilmiş, adı çəkilən şirkətin yaşayış yerlərində heç bir sosial öhdəliyə əməl etmədiyi müəyyənləşdirilmişdir.
QHT tərəfindən Həsənəbad qəsəbə,Yeniqışlaq və Mirqurbanlı kənd ekoloji fəalları üçün 4(dörd) günlük maarifləndirmə tədbirləri də keçirilmişdir. QHT layihənin növbəti tədbiri kimi Neftçala Əməliyyat Şirkətinin yaşayış yerlərinə yaxın ərazilərində monitorinqlər keçirməyi nəzərdə tuturdu.Lakin şirkətin sayğısızlığı, Azərbaycan qanunlarına etinasızlığı səbəbindən layihənin icrasının davamı mümkün olmur.
QHT-nin 15 iyun 2024-cü il tarixində “Neftchala Operating Company Lımıted” şirkətin Bakı şəhərində yerləşən Azərbaycan Respublikasındakı filialının rəhbəri Rüstəm Qaifullinə ünvanladığı müraciətə filial rəhbəri tərəfindən düz 54 gün sonra cavab alınmışdır. Həm də mənfi cavab alınmışdır.
QHT-nin sədri və layihə rəhbəri Tarıverdi Hüseynov deyir ki, Azərbaycanda müraciət və məktubların cavablandırılması haqqında nazirlər kabinetinin qərarına görə 15 gün nəzərdə tutulur. Prezident aparatına,müxtəlif nazirliklərə edilən müraciətlər zamanı bu qaydalara əsasən riayət olunduğunu görürük. Azərbaycanda işləyən adı çəkilən şirkət və onun rəhbəri də nazirlərdən kiçik adamdır və buradakı qanunlarımıza əməl ediləcəyinə yəqin ki, şirkət yaradılarkən imza atmışlar. T.Hüseynov onu da bildirdi ki, şirkətin mədən ərazilərində fəaliyyətini dayandırmış quyularından ətrafa neft tullantıları, emulsiya axını olan xeyli quyular vardır. Xüsusilə qış aylarında yağış suları ağzı bağlanmayan quyulardan axan neft tullantılarına qarışaraq yaşayış ərazilərinə ciddi ekoloji təsirlər göstərir.
QHT “Neftchala Operating Company Lımıted”-in yaşayış yerlərinə vurduğu ekoloji təsirləri öyrənir və yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamentinə müraciət edəcəkdir.