Cəmi 1 000 ton çay istehsalımız var - Yararlı sahələr artıq əkilmir

İQTİSADİYYAT
21:50 / 15.09.2024
131
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 924,4 ton çay istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 542,8 ton və ya 16,1 faiz artıb. Ötən ilin yanvar-aprel aylarında 3 381,6 ton çay istehsal edilmişdi. Çay istehsalımızdakı artım müsbət tendensiyadır. Bəs bu sahədəki gələcək perspektivlərimiz necədir?
 
Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, artım emal sənayemiz ilə bağlıdır: "Rəqəmlərdə göstərilənlər idxalla gəlmiş məhsuldur. Çünki özümüzün ölkə üzrə cəmi 1 000 ton çay istehsalımız var. Statistikada qeyd olunanlar emal sənayesidir. Bu, yerli istehsalla bağlı deyil. Biz quru çayı idxal edirik. 14-15 min ton çay idxalımız var. Onun 3-4 min tonu ixrac olunur, qalanı isə tələbatımızı ödəmək üçündür”.
 
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev bildirdi ki, çay istehsalının artması bir neçə amillə bağlı ola bilər: "Bunlardan biri çay sahələrinin məhsula düşməsidir. Çünki yeni plantasiyalar salınıb, sahələr əkilib və hazırda onlar məhsul verməyə başlayıb. Məsələn, 4-5 il əvvəl salınan plantasiyalarda məhsul yavaş-yavaş inkişaf edir. Yeni əkin sahələri də dövriyyəyə buraxılır. İkinci səbəb isə may ayının yağmurlu keçməsidir. İntensiv yağışlar məhsuldarlığa müsbət təsir göstərdi. Bu, həmçinin məhsulun daha təbii, sağlam qalmasına kömək etdi. Çayın yetişməsi üçün nisbi rütubət çox önəmlidir. Nisbi rütubət nə qədər yüksək olarsa (75-80 arası), bu, çay üçün o qədər yaxşıdır”. 
 
F.Abdullayevin fikrincə, çayçılığa qayğı hər gün daha da artır: "Dövlət artıq hər yeni əkilən bir hektar çay plantasiyası üçün 12 min manat subsidiya ayırıb. Bu, fermerlərdə sözügedən sahəyə maraq oyadır. Subsidiyanın ayrılması məhsuldarlığın artmasına, yeni plantasiyaların salınmasına müsbət təsir  göstərəcək”. 
 
Ekspert qeyd etdi ki, bu sahə üzrə perspektivdə istehsalı daha da artırmaq üçün müəyyən işlərin görülməsinə ehtiyac var: "Kiçik fermer təsərrüfatlarının bir assosiasiyada birləşməsi, özəl və ya dövlət dəstəyi ilə kiçik istehsal gücünə malik fabriklərin qurulmasına ehtiyac var. Elə fabriklər var ki, nə özü işləyir, nə də kənardan çay qəbul edir. Bizdə olan fabriklər sovet dövründən qalmadır. Onlar iri fabriklərdir və kiçik fermer təsərrüfatları istədikləri vaxt çayı yığıb təhvil verə bilmirlər. Çünki fabriklər mövsümlə işləyir. Amma kiçik fabriklər olarsa, fermerlər növbəti yığımlarda 100 kiloqram çayı da emal edə bilərlər. Kiçik fermerlər böyük fabriklərlə müqavilə bağlayırlar. Qiymət də şirkətlər necə istəyirsə, o cür olur. Bir neçə kiçik fabrik var, amma onlar da şəxsidir, yalnız öz çaylarını istehsal edirlər”.   
 
Ekspertin sözlərinə görə, çayımızın keyfiyyətini aşağı salan bir çox məqamlar mövcuddur: "Böyük fabriklərlə işləyəndə ümumi yığımı gözləmək lazımdır. Çay elə bir məhsuldur ki, maksimum 10-20 gün müddətində istehsalı başa çatmalıdır. Yaşıl çay yığıldıqda gərək fabrikə verəsən, çünki qaldıqda xarab olur. Nəzərə almalıyıq ki, hər məhsul eyni anda yetişmir. Ola bilər ki, bir sahədə məhsul tez, digərində gec yetişsin. Ümumi yığımı da gözlədikdə çay artıq keyfiyyətdən düşür. Bu, məhsuldarlığa mənfi təsir göstərir. Amma sutkalıq emal gücü 200-250 kiloqram olan kiçik fabriklər olsa, bu, çayçılığın inkişafına çox böyük təkan verəcək”. 
 
Direktor fermerlərin ödənişlə bağlı yaşadığı çətinliklərdən də bəhs etdi: "Kəndlilər məhsullarını xeyli ucuz satmalı olurlar. Fabriklər birinci növ çayın 1 kiloqramını 1,5 manata qəbul edirlər. Artıq növbəti yığımlarda qiymət 1 manat 30 qəpik olur. Mövcud alış qiyməti fermerlərə sərf etmir. Fermerin bir hektar çay plantasiyası varsa, bu məbləğlə illik tələbatını ödəyə bilmir. Sahibkar məhsulu öz hesabına nəqliyyat tutub fabrikə gətirəndə xərci daha da artır”. 
 
F.Abdullayev bildirdi ki, Azərbaycanda keyfiyyətli çay var, amma şərait yoxdur: "Ölkəmizdə çox keyfiyyətli çaylar mövcuddur. Elə dağlıq ərazilərimiz var ki, orada yüksək keyfiyyətli dəmyə çayı yetişir. Gübrə də verilmir, suvarmağa da ehtiyac yoxdur. Təbiət özü yetişməsi üçün hər şəraiti yaradır. Amma həmin ərazilərdən məhsulun fabriklərə çatdırılması mövcud ödənişlə mümkün deyil. Üstəlik, işçilərin əməkhaqqını da üzərinə gəldikdə fermerə bir kiloqramdan heç 20 qəpik də qalmır. Amma sahələrin yaxınlığında kiçik fabrik olsa, daşınma xərcləri azalar. Yaxud, assosiasiyalar yaradılsa, fermerdən məhsulu daha yüksək qiymətə alsa, bu da sərf edər. Qeyd etdiyim problemlər səbəbindən artıq münbit sahələr əkilmir”. 
 
F.Abdullayevin fikrincə, çayçılığın inkişafı üçün dövlət proqramı hazırlanmalıdır: "Bu proqram çərçivəsində həm məhsulun daşınması, emal qiymətinin artırılması, həm kiçik fabriklərin tikilməsi işləri həyata keçirilməlidir. Bunlar qanuni şəkildə olmalıdır. Fabrikin yaradılması üçün fermerlərə güzəştli şərtlərlə imkanlar yaradılmalıdır. Hərənin özü üçün fabrik qurması həm kor-koranə alınar, həm də baha başa gələr. Amma dövlət tərəfindən bir proqram işlənilsə, daha yaxşı effekt verər”. ("Kaspi" qəzeti)
 
0