Kredit verilən zaman ən çox hansı səhvlər edilir? - Mütəxəssis danışdı

İQTİSADİYYAT
10:45 / 20.09.2024
267

Problemli kreditlər bankların ən böyük probleminə çevrilib.

Kredit verilən zaman düzgün araşdırma və qiymətəndirmənin aparılmaması gələcəkdə problemə gətirib çıxarır. Həmçinin, vətəndaşın kredit götürə bilmək üçün bank əməkdaşına yanlış məlumat verməsi də sonda onun özünə problem yaradır. Nəticədə, kredit vaxtında ödənmədikdə üzərinə faiz gəlir, çox zaman da bankla müştəri arasındakı problem məhkəməyə daşınır. 

Bəs kredit verilərkən ən çox hansı səhvlər edilir? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, burada bir çox faktoru qeyd etmək olar:

358420

"Bank bir növ pul satır. Bu isə riskli prosesdir. Ona görə də müştəridən girov və ya zəmanət götürə bilər. Bunlar olmadıqda isə yüksək faiz təyin edir. Pula ehtiyacı olan insanlar isə bankların təklif etdiyi faizlərlə və aylıq ödəniş qrafiklərinə dəqiq baxmalıdırlar. Əgər riskli müştəridirsə, bank ona pul verməməlidir. Yəni həm bank, həm də vətəndaş düzgün qiymətləndirmə aparmalıdır". 

Ekspert əlavə edib ki, insanlar büdcələrinə uyğun şəkildə həyatlarını dizayn etməlidirlər:

"Yəni xərclərini gəlirlərinə uyğun planlaşdırmalıdırlar. Məsələn, aşağı maaş alan adamın ən müasir smartfonları işlətməsi və ya ən bahalı restoranlarda oturması ona ciddi surətdə maliyyə yükü gətirir. Əslində bunları etmək onu varlı və ya imkanlı göstərmir. 

Ümumiyyətlə, istehlak məhsullarını alanda kreditə girmədən nağd almağa çalışmaq lazımdır. Çünki adətən istehlak mallarının kredit faizi yüksək olur. Amma bəzən alternativ də olmur. İnsan imkanı olmadığı üçün kredit götürməyə məcbur qalır". 

Mütəxəssis onu da diqqətə çatdırıb ki, vətəndaş kredit götürən zaman banka doğru məlumatlar verməlidir:

"Bank əməkdaşına səhv məlumat verilməməlidir. Vətəndaş xərclərini və gəlirlərini düzgün hesablamalıdır. Kredit öhdəliyini vaxtında icra edə biləcəyinə əmin olmalıdır. Əks təqdirdə, əlavə cərimə faizləri gələ bilər. Bu isə ödəyəcəyi ümumi məbləği daha da artıracaq. Ona görə də vətəndaşlar ödəyə biləcəkləri qədər kredit götürməlidirlər".

Pərviz

0