Mehdiyevin qızına məxsus bina yenə satılmadı - Qiyməti 6 milyon endirilib

İQTİSADİYYAT
22:57 / 27.09.2024
221

Xəbər verdiyimiz kimi, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası sentyabr ayının 26-da açıq hərraca çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə təkrar hərraca çıxarılıb, lakin yenə satılmayıb.

Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.

Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə – 22 milyon 232 min 700 manata təkrar hərraca çıxarılıb.

Oktyabr ayının 28-də keçirilməsi nəzərdə tutulan 4-cü hərracda bina 25% endirimlə təkrar hərraca çıxarılacaq. Belə ki, 28 oktyabr tarixində baş tutan hərracda binanın start qiyməti 18 milyon 527 min 250 manat olacaq.

Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.


 

0