Azərbaycanda payızda turizm sektoruna maraq necə olur? - RƏY

İQTİSADİYYAT
13:30 / 30.09.2024
380

"Dünyada turistlərin ən çox səyahət etdikləri dövr məhz yay fəslidir. İnsanlar istirahətlərini əsasən bu vaxta planlaşdırırlar".

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bəzi turistlər digər mövsümlərdə də istirahət etməyi sevirlər:

"Çünki digər fəsillərdə bölgələrdə və istirahət məkanlarında turist sıxlığı çox olmur. Bundan başqa, yaz, payız və qış mövsümlərində daha əlverişli qiymətlər təklif olunur. Xüsusilə yay mövsümündən əvvəl və sonra səyahət edən turistlər də olur. Onlar, həm sağlamlıq, həm də istirahət məqsədilə bölgələrə üz tuturlar". 

359129

Ekspert payız mövsümünün turizm sahəsinə necə təsir etməsi barədə də danışıb:

"Payız mövsümündə də bölgələrə səyahət edən insanlar məhz bu məqamlara diqqət edirlər. Yəni getdikləri yerlərin daha sakit, qiymətlərin isə əlverişli olmasını istəyirlər. Əsasən yaşlı insanlar bu fəsildə daha çox səyahətə gedirlər. Həmçinin, boş vaxtı olan və ya məzuniyyətini məhz bu ərəfədə görütən insanlar da istirahət edirlər.

Ümumiyyətlə, insanların istirahət etməsi üçün əsas faktor asudə vaxtın və sərbəst pul vəsaitinin olmasıdır. Xüsusən yaşlı və təqaüdçü insanların daha çox zamanları olur. Buna görə də onlar əlverişli qiymətlərdən daha çox faydalanmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, payız mövsümündə turizm bölgələrində səs-küy də çox olmur".

Ceyhun Aşurov payız turizmi ilə bağlı sözlərinə belə davam edib:

"Payızın öz gözəlliyi var, payızda təbiət dəyişir. Yuxarıda sadalanan, habelə digər səbəblərə görə bu mövsümdə də bölgələrə səyahət edən turistlər olur. Həmçinin, turizm məkanlarında sağlamlıq təsisatları da kifayət qədərdir. Bu mövsüm həmin yerlərə üz tutan insanlar müalicələri daha effektiv hesab edirlər".

Pərviz

0