Rublun ucuzlaşması iqtisadiyyatımıza necə TƏSİR EDƏCƏK?

İQTİSADİYYAT
16:22 / 06.10.2024
187

Son günlər Rusiya rublu dollar qarşısında kəskin ucuzlaşıb.Türkiyə lirəsi bir qədər sabit qalsa da, dollar qarşısında xeyli dəyər itirib. 

Nəzərə alaq ki, həm Türkiyə, həm də Rusiya ticari baxımdan əsas partnyorlarımızdır. 

Ona görə də həm rublun, həm də lirənin kəskin ucuzlaşması ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın qeyri-neft sektoru üzrə əsas tərəfdaşlarından biri Türkiyə, digəri isə Rusiyadır:

“Ona görə də lirə və rublun dəyərdən düşməsi həmin ölkədən Azərbaycana idxal olunan məhsulların həcmini artırır. Bu da birbaşa yerli istehsala problem yaradır. Nəzərə alaq ki, ölkəmizdə yerli istehsal o qədər də inkişaf etməyib. Bu mənada lirə və rublun dəyərdən düşməsi yerli istehsala əlavə problem yaradır. Çünki maya dəyəri yüksək olan yerli mala maraq azalır. Yerli mallar xaricdən gətirilən məhsulla rəqabətə dözmür. Təsadüfi deyil ki, sosial şəbəkələrdə bu günlərdə müzakirə aparılırdı ki, Rusiyadan gətirilən süd məhsulları yerli süddən xeyli ucuzdur”.

İqtisadçı ekspert lirə və rublun dəyərdən düşməsinin Azərbaycanın ixrac potensialına da mənfi təsir göstərdiyini qeyd edib:

“Azərbaycanın xarici ticarət dövriyyəsinə baxanda qeyri-neft məhsulları üzrə əsas idxalçı ölkələr kimi Rusiya və Türkiyəni görürük. Rusiya bazarına çıxardığımız kənd təsərrüfatı məhsullarını əsasən rublla satırıq. Rublun da dəyər itirməsi ona gətirib çıxarır ki, satılan məhsul nəticəsində əldə olunan vəsaiti dollar və avroya çevirərkən xeyli zərərlə üzləşilir. Bu da həmin ölkələrə ixrac həvəsini aşağı salır”.


 

0