Velosiped və skuterlər bu hallarda cərimələnir

İQTİSADİYYAT
10:50 / 15.10.2024
123
Son illərdə Bakı şəhərində velosiped və skuter istifadəçilərinin sayı artmaqdadır. Bu, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəlmə meyli olsa da, eyni zamanda, bir sıra təhlükələrə yol açır. Avtomobil yollarına çıxan velosipedçilər və skuter sürücüləri öz təhlükəsizlikləri ilə yanaşı, digər yol istifadəçilərinin də təhlükəsizliyini riskə atırlar.
 
Velosipedçilər və skuter sürücüləri avtomobil yoluna çıxmaqla, qəza riskini artırırlar. Xüsusən də yolun sıx olduğu vaxtlarda sürətlə hərəkət edən avtomobillərin arasında manevr etmək ciddi zədələrə səbəb ola bilər. Həmçinin, bəzi avtomobil sürücüləri velosipedçiləri və skuterləri nəzərə almadan manevr edə bilər ki, bu da qəza riskini daha da artırır.
 
Velosipedçilərin və skuter sürücülərinin düzgün davranışı yol təhlükəsizliyini artırmaq üçün vacibdir. Lakin bir çox istifadəçi yol hərəkəti qaydalarını tam mənimsəməyib. Bu səbəbdən ictimai maarifləndirmə kampaniyaları və təlimlərin keçirilməsi vacibdir. Velosipedçilər və skuter sürücüləri təhlükəsizlik qaydalarına riayət etməli, qoruyucu avadanlıqlardan istifadə etməli və səkilərdə, xüsusi yollar üzərində hərəkət etməlidirlər.
 
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, velosiped və skuterlərin avtobus zolağında hərəkəti ilə bağlı qanunda qeyri-müəyyənlik var.
 
"Belə ki, qanunda bir yerdə yazılıb ki, eyni yolda həm velosiped zolağı, həm avtobus zolağı yaratmaq mümkündürsə, bu halda velosiped zolağı avtobus zolağının sağ tərəfində omalıdır. "Yol hərəkəti haqqında” Qanunun 46 və 46-1-ci maddələrinə əsasən, velosipedlər, mopedlər və kiçik elektrikli nəqliyyat vasitləri heç bir halda ikinci zolaqla hərəkət etməməlidirlər.
 
Ən sağ zolaqda maneənin yanı ilə hərəkət etməlidirlər. Avtobus zolağı olan yerlərdə ən sağ zolaq elə avtobus zolağıdır. O müddəalardan yola çıxsaq, belə çıxır ki, velosiped, skuter üçün ayrıca yol nəzərdə tutulmayıbsa, o, heç bir halda avtobus zolağından başqa zolaqla gedə bilməz. Çünki bu təhlükəlidir. Bu səbəbdən də qanunda göstərilməsə də, bu nəqliyyat vasitələri avtobus zolağı ilə getməlidirlər. Velosiped yolu varsa, hərəkət iştirakçısı velosiped yolu ilə deyil, avtomobil və avtobus yolu ilə gedirsə, 40 manat məbləğində cərimə olunur", - o qeyd edib.
 
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, ilkin olaraq velosiped və skuterlərin ayrıca hərəkətini təmin edən zolaq şəbəkəsi tamamlanmalıdır.
 
"Bu zolaq kəsintisiz olmalı və zəbt edilməməlidir. Hazırda paytaxtda kifayət qədər belə faktlar var. Bu nəqliyyat vasitələrinin yol şəbəkəsi müəyyən bir ərazini əhatə edirsə və təyin olunan zolaqlardan kənara çıxarsa, o zaman cərimə olunacaq. Belə halda cərimə tətbiq edilməsi ədalətsiz yanaşmadır. Zolaq olmadığından bu nəqliyyat vasitələri məcburən avtomobil yollarına çıxırlar", - deyə o vurğulayıb.
 
0