Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu

İQTİSADİYYAT
13:28 / 15.10.2024
190

Elxan Məmmədov 2 dekabr 2024-cü il tarixindən BP şirkətinin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilir.

BP-dən HİT.az-a verilən məlumata görə, yeni vəzifəsində Elxan Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.

Hazırda Elxan Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə Elxan son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.

Elxan Məmmədov BP-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib. BP-də Elxan Məmmədov quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və Şahdəniz yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.

0