İqtisadi terminlər bəzən anlaşılması çətin görünsə də, müəyyən bir real vəziyyəti izah etdikləri üçün nümunələr üzərində anlamaq daha asan olur.
Doğrudur ki, heç bir ölkə öz valyutasının digər valyutalar qarşısında dəyərsizləşməsini istəməz.
Lakin iqtisadi itkilərin qarşısının alınması baxımından bəzi hallar devalvasiyanı zəruri edə bilər.
Bəs, devalvasiya nədir? Pul necə ucuzlaşır?
Bu barədə Hit.az-a açıqlama verən iqtisadçı-ekspert Elşən Quliyev deyib ki, infilyasiya pulun məhsul və xidmətlər qarşısında ucuzlaşmasıdırsa, devalvasiya pulun başqa bir pul vahidi qarşısında ucuzlaşmasıdır:
“Bir ölkənin idxalı ixracını üstələyəndə devalvasiya təhlükəsi yaranır. Belə ki, ixrac edən zaman ölkə dollar qazanır. Çünki beynəlxalq ticarət dollar ilə baş verir. İdxal edən zaman xaricə pul vermiş olur. Yəni dollar verilir.
İdxal çox olan zaman ölkədən çıxan pulun miqdarı gələn puldan daha çox olur. Xarici ticarət dollarla baş verdiyi üçün bizə daha çox dollar lazımdır ki, xaricdən alış edək.
Ölkədə müəyyən bir miqdarda dollar olur. Bu dollarları ölkə ixrac nəticəsində qazanıb. Əgər idxal çoxalarsa, dollara olan tələbat kəskin artır. Bu da dolların həmin ölkə valyutasına nisbətdə bahalaşması ilə nəticələnir. Necə ki, bazarda məhsul qıtlığı olan zaman onun qiyməti artığı kimi əvvəl daha az pul verilib alınan dollara indi daha çox pul verilir. Bu prosesə iqtisadiyyatda devalvasiya deyilir”.
Murad