Milli Məclisin ötən gün keçirilən iclasında şəhələrdə böyük bələdiyyələrin yaradılması təklif edilib.
Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edib. O, bələdiyyələrin inkişafının təmin edilməli olduğunu vurğulayıb.
"Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq", - Komitə sədri deyib.
Deputat bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməli olduğunu qeyd edib. "Tullantıların daşınması bələdiyyələrə verilməli idi. İndiyə qədər verilmədi və səbəbini aydınlaşdırmaq da çətindir. 2018-ci ildə Nazirlər Kabinetinin qərarı var. Qərarda göstərilir ki, yerli icra hakimiyyəti orqanları tabeliyində olan qəbiristanlıqları 3 ay müddətində bələdiyyələrə təhvil verməlidirlər və bu qərardan 6 il keçib", - Fazil Mustafa bildirib.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin birləşməsi müzakirə olunur. "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Qanuna əsasən, 1400 bələdiyyə birləşəcək və ölkədə 685 bələdiyyə qalacaq.
"Bu addım bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib", - deputat Siyavuş Novruzov deyib.
Qeyd edək ki, böyük şəhər bələdiyyələri dünyanın müxtəlif ölkələrində tətbiq edilir.//Modern.az