Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"?

İQTİSADİYYAT
20:08 / 28.10.2024
151

Son günlər metroda yaranan nasazlıqların sayında artım müşahidə olunur. Bu problemlər sərnişin sıxlığına səbəb olur. Mənzil başına daha sürətli çatmaq üçün istifadə edilən yeraltı nəqliyyat vasitəsi artıq öz effektivliyini itirir

Son günlərin aktual problemlərindən birinə çevrilən metro yubanmalarının qarşısı necə alına bilər?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in suallarını cavablandırarkən bildirib ki, metroda baş verən problemlərin qatarla hər hansı ciddi bir bağlılığı yoxdur.

"Bu gün səhər saatlarında qatarda hər hansı bir nasazlıq yox idi, bununla belə, bizim təlimat qaydalarımıza uyğun olaraq, maşinist sərnişinləri düşürür, qatarı yoxlayır, problem yoxdursa, yola davam edir. Sıxlıq varsa, sərnişini günahlandırmaq olmaz. Sərnişin mənzil başına çatmaq istəyir, bu səbəbdən qapıların tutulub saxlanması halları olur. Qatarlar əsaslı təmir olunarkən müasir İtaliya istehsalı olan avadanlıqlar qoşulur.

Son illərdə nasazlıqların sayı azalıb. Amma bu avtomatik idarəetmə sistemidir Maşinistin idarəetmə pultunda qapı ilə bağlı hər hansı bir siqnal varsa, maşinist mütləq buna reaksiya verməlidiir. Burada sərnişin təhlükəsizliyi qatarın yubanmasından daha vacibdir.

Bu gün baş verən hadisə gur saatda olub. İki xəttin yalnız bir elektrik deposu var. Buna görə əvəzinə qatar yalnız "Nərimanov" elektrik deposundan verilir. Bu səbəbdən həmin qatar "Dərnəgül"ə qədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkün olmur. İndiki halda üçün əsl və yeganə səbəb budur. Gur saatda bir qatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrat həddə yaxın olsun. Məsələ qatardan çox, infrastrukturla bağlıdır", - deyə o əlavə edib

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-in suallarını cavablandırarkən bildirib ki, şəhər mobilliyində axınların qarışması ciddi şəkildə müşahidə olunur.

"Bunun fərqli obyektiv və subyektiv səbəbləri var. Ümumi olaraq, demək olar ki, bizdə son zamanlar avtomobil nəqliyyatına diqqət daha çox ayrılıb, avtomobil yolları çəkilib, avtomobilləşmənin sayı artıb və səfərlərin çox hissəsi avtomobillə təşkil olunur. Digər sərnişindaşıma növləri - avtobuslar, metro şəbəkəsi, şəhərətrafı elektrik qatarı şəbəkələri - istədiyimiz sürətlə inkişaf etmir və bu da fəsadsız ötüşmür.

Sualı başqa cür qoya bilərik ki, niyə sıxlıq bu qədər çoxdur? Niyə məhz konkret olaraq bəzi stansiyalar daha çox yüklənir? Bu da metronun inkişafının şəhərin inkişafından geridə qalmasının nəticəsidir. Metroya investisiya qoyulmalı, yeni xətlər tikilməli, şəhərin şərq və qərb tərəfinin əlaqələndirilməsində bir marşrut yox, üç marşrut formalaşdırılmalıdır.

Yeni tikilən "bənövşəyi xətt"in şəhər mərkəzinə çatdırılması vacibdir. Bu lahiyələr icra olunduğu təqdirdə, sərnişin axını parçalanacaq. Yəni bir-iki stansiyanın daha çox yüklənməsi yox, bütün şəbəkədə bərabər paylanmasına və sərnişinlər üçün fərqli marşrutlarla gediş imkanı yaradılmasına gətirib çıxaracaq. Ən önəmlisi isə interval 1-2 dəqiqə arası olacaq.

Digər məsələ yerin üstündə olan şəhərətrafı elektrik qatarıdır. Onun yerüstü metro funksiyasını daşıması üçün şəbəkənin sağlamlaşdırılması, sürətin, eləcə də, stansiya və qatarların artırılması istiqamətində investisiya yatırılmalıdır.

Beləliklə, şəhər ətrafındakı əsas yükü şəhərətrafı elektrik qatarı, şəhərin daxilində isə metro götürməlidir. Gələcəkdə isə tramvayın əlavə olunmasına ehtiyac var ki, bu da metronun yükünün azaldılmasına gətirib çıxaracaq. Yəni metroda bu gün baş verənlər fəsaddır, səbəb deyil. Səbəb metronun inkişafının zəif getməsidir. Yəni sərnişin axını qeyri-bərabər paylanıb və bugünkü mənzərə ortaya çıxıb", - o bildirib.

0