Turistlər bu səbəbdən rayonlara getmək istəmir

İQTİSADİYYAT
12:32 / 03.11.2024
203

Azərbaycanda turist axınının böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. Bakı şəhəri, Şəki, Qəbələ və Quba kimi yerlər turistlər arasında populyardır, lakin daha az tanınan və infrastrukturu inkişaf etməmiş bölgələrdə turist sayı nisbətən azdır.

Statistikaya görə 2024-cü ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərində 4.7 faizi Qəbələdə, 4.3 faizi Qusarda, 3.7 faizi Naftalanda, 3.5 faizi Qubada, 0.6 faizi Şabranda, 2.2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər.

İqtisadçı deputat Vüqar Bayramlı bildirib ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Onun sözlərinə görə, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bunun da nəticəsi olaraq, xarici turistlərin böyük qismi Bakıdan uzağa getmir.

Bəs niyə hələ də bölgələrimiz turistlər üçün cazibədar deyil?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında deyib:

"Həqiqətən də, Azərbaycanda turistlərin böyük bir hissəsi, demək olar ki, 3/4-dən çoxu Bakı şəhərinə təşrif buyurur. Regionlara gedən turist sayı isə təəssüf ki, həddindən artıq azdır.

Bunun bir çox səbəbləri var. Birincisi, Bakının infrastrukturu, hotelleri, hotellərin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Regionlarımızda isə ilk növbədə çox yüksək səviyyəli hoteller çox azdır, olanlar da çox bahadır. Amma xarici turistlərin, əsas da Avropadan və Amerikadan, Qərb ölkələrindən gələn turistlərin artıq profili, istəkləri dəyişib. Onlar bir gecə yatmaq üçün 200-300 dollar vermək istəmirlər, əsasən butik, "home", kiçik, 2-3 ulduzlu hotellərə üstünlük verirlər. Regionlarda da bunlar, demək olar ki, yoxdur. Yəni belə bir konsepsiya yoxdur. Məsələn, Gürcüstanda, bir tək Tiflis ətrafında, 50-60 kilometrli bölgələrdə, regionlarda 700-dən çox butik, "home", kiçik otellər mövcuddur. Onlar da kifayət qədər turist qəbul edirlər. Amma Azərbaycanda bu infrastruktur yoxdur.

İkincisi, yolla bağlı problemlər var. Azərbaycanın ən böyük turistik potensialı olan bölgələr İsmayıllı, Şamaxıdan tutmuş Balakənə, Gürcüstan sərhədinə qədər olan ərazilərdir. Lakin bu ərazilərdə yol bərbad haldadır. İllərdir təmir gedir, amma bu təmir hələ başa çatmayıb, yaxın zamanlarda da başa çatması çox da asan görünmür.

Daha bir məsələ, regionlarda xarici turist görən kimi xüsusən də kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var.

O qədər problemlər var ki, bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır".

0