Azərbaycanın turizm bazarı aktivləşib - AÇIQLAMA

İQTİSADİYYAT
23:10 / 05.11.2024
157

"COVİD pandemiyasından sonra turizm sektoru bərpa dövrünü keçir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə aktivlik müşahidə edilir və 25 faizə yaxın artım var: "Bu hal hotellərin doluluğuna da müəyyən qədər təsir edir. Ancaq hələ ki, turizm sektoru 2019-cu il səviyyəsinə çatmayıb. Növbəti illərdə turizm sektorunun tamamilə bərpa olunacağı gözlənilir. Bu ilin sonuna qədər də güman ki, rəqəmlər əvvəlki illərə nisbətən daha yaxşı olacaq".

"Azərbaycanın hava məkanı açıqdır, uçuş nöqtələrinin sayı artırlır və vizalar asanlaşır. Bu tədbirlər Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradacaq. Azərbaycandan xaricə gedən turistlərin sayında da artım müşahidə olunur. 2019-cu ildə Azərbaycandan xaricə 5.5 milyon gediş olmuşdu və bunların da təxminən 4.9 milyonu turizm məqsədi daşıyıb. Keçənilki göstərici təxminən 1.7 milyon idi. Hazırda da 2 milyona yaxın Azərbaycandan xaricə getmə var, yəni bu sahə də bərpa olunur", - mütəxəssis söyləyib.

C.Aşurov vurğulayıb ki, paralel olaraq Azərbaycana gəlmə daha sürətlə bərpa olunur: "Bunun səbəblərindən biri də xarici turizm bazarlarında qiymət artımıdır. İnflyasiya və turpaketlərin qiymətlərinin artması da getmə turizminə öz təsirini göstərib. Çünki dünya bazarında da turist başına düşən orta xərclər 50 faizə qədər artıb. Ona görə də son illərdə daxili turizm bazarı daha aktivləşib".

0